Oyunlar birlik, sülh, hörmət və mükəmməllik ideyalarını təbliğ edəcək
   
   12-22 may tarixində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq həm təşkilati, həm də təbliğ-təşviqat istiqamətində davam edir. “Bakı-2017” günlərində təkcə islam aləminin deyil, dünyanın bir çox ölkələrinin diqqəti Azərbaycana yönələcək.    
   İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında dörd ildən bir keçirilən beynəlxalq yarışmadır. İHİF İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bölməsidir. İƏT 57 dövlətin üzv olduğu, BMT-dən sonra ən böyük dövlətlərarası təşkilatdır. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salınıb və sonradan ləğv olunub. Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutdu. İHİF Baş Assambleyasının həmin il Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantısında növbəti Oyunların 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar verilib. 
   IV İslam Həmrəyliyi Oyunlarında iştirak üçün artıq 50 müsəlman ölkəsi iştirakını təsdiqləyib. Oyunlarda 20 idman növündə 24 kateqoriya üzrə yarışlar təşkil olunacaq.
   
   Qarabağ atları Oyunların rəsmi talismanıdır
   
   IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi fevralın 13-də “Bakı-2017”nin rəsmi talismanlarını ictimaiyyətə təqdim edib. Azərbaycanın gözəlliyi ilə gözoxşayan Qarabağ atları - “İncə” və “Cəsur” “Bakı-2017”nin simaları olacaqlar. “İncə” zəriflik və gözəlliyi, milliliyi və müasirliyi təcəssüm etdirir. Mərd və məqsədyönlü “Cəsur” özünə əminliyi və sərbəstliyi ilə seçilir. “İncə” və “Cəsur” Oyunlardan əvvəl və yarışlar zamanı iştirakçıları Oyunların bir parçası olmağa ruhlandıracaq, ölkəmizin bütün ərazisində əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaqlar.
   Talismanların illüstrasiyası yaradılıb. “İncə” və “Cəsur” tezliklə animasiyalı, eləcə də real görünüşdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tədbirlərinə rəng qatacaq.
   
   Elçilər təbliğata başlayır, biletlər Novruz öncəsi satışa çıxarılacaq
   
   Xəbər verdiyimiz kimi, IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz elçiləri də müəyyənləşib. Onlar idmanın yeniyetmə və gənclər arasında daha da kütləviləşməsinə, ictimaiyyətin IV İslam Həmrəyliyi Oyunlarına marağının artırılmasına çalışacaq, Oyunların təbliğində fəallıq göstərərək, gerisayım tədbirlərində iştirak edəcəklər. Ulduz elçilər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi-2011”in qalibi Mirələm Mirələmov yer alıb. 
   Martın 19-da isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılması nəzərdə tutulur. Oyunlarla bağlı 500 mindən artıq bilet (2-5 manat arasında) satışa çıxarılacaq. “Bakı-2017”nin açılış və bağlanış mərasimləri üçün biletlər də bu tarixdən satışda olacaq. Biletləri baku2017.com saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə etmək mümkün olacaq. Oyunların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.
   2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda keçiriləcək. Açılış mərasiminə biletlərin qiyməti 20, bağlanış üçün isə 10 manatdan başlayır.
   Mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ilə tanınan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında özünün turizm potensialını, mədəni dəyərlərini və tarixini də nümayiş etdirəcək. Bununla da Azərbaycan bir daha dünyaya birlik, sülh, hörmət və mükəmməllik ideyalarını özündə əks etdirən həmrəylik mesajını çatdırmış olacaq.
   
   Fariz Hüseynov