Lətif Səfərov - 90
   
   Milli kino tariximizdə özünəməxsus iz qoymuş Lətif Səfərovun şəxsi fondu Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur
      
   1969-cu ildə arxiv sənədlərinin toplanması üçün ilk dəfə Qarabağa gedərkən Ağdam Dram Teatrında yaddaqalan görüşlərim olmuşdu. Teatrın baş rejissoru Heydər Şəmşizadə Ağdamda yaşayıb-yaradan bir neçə ədəbiyyat və incəsənət xadimlərinin arxiv materiallarının toplanmasında mənə yaxından köməklik göstərmişdi. Aktrisa Firəngiz Abbasova ilə də o zaman tanış olmuşdum. Ağdamda, sonra Şuşada Firəngiz xanımla söhbət əsnasında o, milli kinomuzun ayrı-ayrı simaları haqqında maraqlı fikirlər söyləmişdi. 
      
   Azərbaycan kinosu tarixində özünəməxsus iz qoymuş, aktyor, rejissor Lətif Səfərov haqqında da ilk dəfə ondan eşitmişdim: «O, gəncliyindən milli kinomuzun yaradıcılarından biri olub. Şuşada doğulub. Hələ yeniyetmə ikən bir sıra filmlərdə çəkilib, sonralar kinorejissor, ssenarist kimi də məşhurlaşıb. Təəssüf ki, həyatdan erkən gedib, 1963-cü ildə dünyasını dəyişib».
   Bakıya qayıtdıqdan sonra birlikdə çalışdığım əməkdaşlardan Lətif Səfərov barədə soruşanda məlum oldu ki, onun ölümündən bir neçə il sonra, 1968-ci ildə çox az sənəd - cəmi 30 fotoşəkil arxivimizə qəbul olunub. Sevindim ki, heç olmasa onun haqqında müəyyən sənədlər var.
   1970-ci ildə Lətif Səfərovun anadan olmasının 50 illiyi ilə bağlı televiziya verilişi hazırlananda bizim arxiv sənədləri verilişin müəllifləri üçün əsl tapıntı oldu. Çəkiliş uğurla keçdi. Sonra, 1971-ci ildə Lətif Səfərov haqqında Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə 526 sənəd daxil oldu və onun 288 saylı şəxsi fondu yaradıldı. Sənədləri arxivə Lətif Səfərovun həyat yoldaşı olmuş görkəmli müğənnimiz Şövkət xanım Ələkbərova təqdim etmişdi...
   Lətif müəllim ulu tarixi olan Qarabağımızın füsunkar guşələrinin birində -Şuşada 1920-ci ilin çiskinli payız günündə, sentyabr ayının 30-da dünyaya göz açıb. Yeddi yaşında birinci sinfə gedir. Yaradıcılığa da elə həmin vaxt başlayır. 1927-ci ildə Şuşaya gələn kinematoqrafçılar dəstəsi kiçik Lətifə kinoda ilk rolu həvalə edirlər. Lətif kinorejissor Leo Murun «Gilan qızı» filmində baş rol olan uşaq obrazını yaradır. Sonra isə 1929-cu ildə «Sevil» filmində epizodik, 1930-cu ildə isə M.Mikayılovun «Lətif» bədii və A. Makovskinin «Şərqə doğru» sənədli filmlərində baş rollarda çəkilir. Orta məktəbi bitirəndən sonra Gəncə (o vaxt Kirovabad adlanırdı) Pedaqoji Texnikumunda oxuyur. Amma kino sənəti onu cazibəsindən buraxmırdı.
   Lətif Səfərov 1937-ci ildən dublyaj sahəsində də çalışmağa başlayır, dublyaj olunmuş filmlərdə rejissor köməkçisi kimi çalışır. O illərin dublyaj filmlərindən «Çapayev», «Biz Kronştatdanıq», «Lenin 1918-ci ildə» və s. göstərmək olar.
   1937-1940-cı illərdə isə o, «Onbirlərdən biri», «İyirminci bahar» film-oçerkdə, V.Turinin «Bakılılar», S.Mərdanovun «Kəndlilər» bədii filmlərinin çəkilişində rejissor köməkçisi kimi fəaliyyət göstərib. Bütün bu təcrübə işlərini layiqincə yerinə yetirən Lətif Səfərovu 1940-cı ildə Moskvada təhsil almaq üçün Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərirlər. 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi təhsilini davam etdirməyə mane olur. Müharibədən sonra təhsilini davam etdirmək üçün yenidən instituta qayıdır. O, oxumaqla yanaşı 1947-ci ildə ilk dəfə «Çağırışa cavab» adlı müstəqil film-oçerki çəkir. Bu filmin həm ssenari müəllifi, həm də quruluşçu rejissoru olur. 1949-cu ildə isə kənd zəhmətkeşlərinin qaynar əməyindən bəhs edən «Yeni həyatın qurucuları» adlı ikinci film-oçerki yaradır. Nəhayət, 1950-ci ildə institutu başa vurub Bakıya qayıdır. C.Cabbarlı adına kinostudiyada rejissor təyin olunan Lətif müəllim iki il ərzində 20-yə yaxın sənədli film, kinojurnal istehsala buraxır və sənətsevərlərin hörmətini qazanır.
   «Araz vadisi», «Yeni həyatın qurucuları», «Sürəyya Kərimova», «Azərbaycan sərhədləri», «Məhsuldar torpaq» və s. film-oçerkıər, kinojurnallar bu qəbildəndir. Onun bədii filmlərindən olan «Bəxtiyar» (1955), «Qızmar günəş altında» (1957, H.Seyidbəyli), «Leyli və Məcnun» (1959-1961) və s. indi də tamaşaçıların diqqətini çəkməkdədir. 1958-ci ildə «Bakı və bakılılar», «Bakının uşaqları» və s. ədəbi ssenarilərini yazır.
   1960-cı ildə Lətif Səfərova Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi» fəxri adı verilir. Bu münasibətlə A.İsgəndərov, M.Sənani, Ə.Əliyev, H.Hüseynov, Q.Muradov, M.Qurbanov, B.Vahabzadə və başqalarının təbrik teleqramları Lətif müəllimin şəxsi fondunda qorunur. Əmək qəhrəmanı Sürəyya Kərimova haqqında çəkdiyi film-oçerkdən bəhs edən fotoşəkillər də maraq doğurur. Respublikamızda 1948-ci ildə keçirilən kütləvi mahnılar müsabiqəsində mükafat qazanan «Sürəyya» mahnısının (sözləri Z.Cabbarzadə, musiqisi Səid Rüstəmov) 1949-cu ildə nəşr olunmuş kitabının üz qabığında Sürəyya xanım Lətif Səfərova bu sözləri yadigar yazıb: «Lətif qardaşıma Sürəyyadan yadigar. 29/V.49-il. Bakı, imza». Bu yadigar yazılı kitab da Lətif müəllim şəxsi fondunda qorunur.
   Həyatını 7 yaşından kinoya həsr edən Lətif müəllim qısa ömründə bu günümüzə və sabahımıza silinməz kinolentləri yadigar etmişdir. Onun şəxsi fondunda çəkdiyi əsərlərinin çox qiyməli fotoşəkillərinə bu gün baxdıqda həm kövrəlir, həm də onun sənəti qarşısında baş əyirik. Mənəvi xəzinəmizdə olan 700-dən çox sənədləri ilə Lətif Səfərovun heç bir zaman yaddan çıxmayacağına inanırıq. Çiskinli, çənli payızda Şuşa adlı tarixi şəhərimizdə, Şuşa adlı qalamızda dünyaya göz açan Lətif Səfərov çovğunlu bir qış günündə, 43 yaşında - 9 dekabr 1963-cü ildə Bakıda dünyasını dəyişib. Yaratdığı sənət əsərləri isə onu bizim mənəvi xəzinəmizdə əbədi yaşadır.
   
   Maarif Teymur   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar