Gənc aktrisanın böyük uğurları hələ irəlidədir
   
   Görkəmli rus şairi Vladimir Mayakovski deyirdi ki, teatr həyatı əks etdirən güzgü deyil, o, böyüdücü şüşədir. Tamaşaçı isə bu şüşədə özünü görən iştirakçı. Bu mənada oynadıqları rol ilə həyatdakı rolumuzu bizə isbatlamağa çalışan aktyorların missiyası daha məsuliyyətlidir. Bu məsuliyyətin ağırlığını isə gənc aktyorlar daha çox hiss edir.
      
   Gənc aktrisa Günel Məmmədova da kino və teatrda bir çox rolları ilə tamaşaçıların yaddaşında qala bilib. 1986-cı ildə Bakıda doğulub. Orta təhsilini İncəsənət Gimnaziyasının rus bölməsində alıb, fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub. 2006-cı ildə universiteti bitirdikdən sonra Gənc Tamaşaçılar Teatrında işləməyə başlayıb. 2008-ci ildən “İbrus” teatrında fəaliyyət göstərir.
   "Kişiləri qoruyun", "Yalan", "Ad gününün peşmançılığı", "İnsanın yaxşılığı", "Yuxu yaddaşı", "Sözün sehri" və s. filmlərdə, "Çimnaz xanım yuxudadır", "Tıq-tıq xanım", "Çəkməli pişik", "Adsız", "Yağış-yağmur, daldan atılan daş" və s. tamaşalarda rol alıb.
   İlk rolunu belə xatırlayır: “Hələ 7-ci sinifdə oxuyarkən Zirəddin Tağıyevin “Ad gününün peşmançılığı” filminə çəkilmişdim. Teatrda ilk rolum isə Rafiq Əliyevin quruluş verdiyi “Çimnaz xanım yuxudadır” tamaşasında Nabat rolu olub. Teatr sənətinə gəlməyimdə Rafiq Əliyevin əvəzsiz köməyi və dəstəyi olub”.
   Günel teatrsevərlərin yadında həmçinin norveçli yazıçı Knut Hamsunun “Viktoriya” tamaşasında eyniadlı rolu ilə qalıb: “Bu əsər iki gəncin faciəvi məhəbbət hekayəsidir. Viktoriya və Yuhannes bir-birilərini sevirlər. Amma Viktoriyanın ailəsi müflisləşir və o, sevgisini tapdalayıb varlı bir insanla ailə qurmağa məcbur olur. Yuhannes isə kasıb yazıçı idi. Viktoriyanın ailəsi müflis olmasaydı, onlar ailə qurub xoşbəxt ola bilərdilər. Əsərin sonunda Viktoriya dünyasını dəyişir. Həyatdan getməzdən öncə o, sevgilisi Yuhannesə yazdığı məktubda bildirir ki, onlar qovuşmasalar da, əsl sevgini ona yaşatdığı üçün özünü xoşbəxt hiss edir. Bu mürəkkəb rolu oynadığım üçün fərəh hissi keçirirəm”.
   Aktrisa Günel Məmmədova özünü daha çox kino sənətinə yaxın görür: “Teatr və kino hər ikisi mənim üçün önəmlidir. Amma nədənsə kinonu özümə daha yaxın görürəm. Kinoda hələlik axırıncı işim rejissor Ənvər Əblucun “Tərsinə çevrilmiş dünya” filmində baş leytenant Dilarə roludur. İranla Azərbaycanın birgə layihəsi olan bu film narkotik qaçaqmalçılığı ilə mübarizədən bəhs edir. Hazırda film səsləndirmə mərhələsindədir”.
   Bu yaxınlarda İsveçdə “Əcnəbi xalqların incəsənət festivalı”nda iştirak edən Günel Məmmədova teatrdakı son rolları barədə də məlumat verdi: “Hazırda üç yeni tamaşada - Tamara Vəliyevanın “Mənim ağ göyərçinim”, Əli Əmirlinin “Mən sabahı sevirəm, yaxud mss” və Uilyam Şekspirin “Romeo və Cülyetta” tamaşalarında iştirak edirəm”.
   Biz də gənc aktrisaya gələcək yaradıcılığında uğurlar arzu edirik. İnanırıq ki, onun böyük uğurları hələ irəlidədir.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar