Fevralın 15-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Türkiye Petrolleri A.O” (TPAO) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar ilə görüşüb.
Görüş zamanı G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyətindən söz açıb, gələcək iş və layihələrdən bəhs edib.
S.Dündar öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bütövlükdə türk dünyası üçün əhəmiyyətinə toxunaraq qurumla uğurlu əməkdaşlığa inamını ifadə edib. O, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin 2017-ci ilin mart ayında keçirilməsi planlaşdırılan “Heydər Əliyev ili”nə həsr olunmuş qurultayı barədə ətraflı məlumat verib.
Fevralın 16-da Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib, həm türk dünyası mədəniyyətinin, həm də ümumərəb mədəniyyətinin bəşər sivilizasiyasına verdiyi töhfələrin önəmini qeyd edib.
Söhbət zamanı 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsinin əhəmiyyətinə toxunulub, dinimizin yüksək mənəvi dəyərləri təbliğ etdiyi vurğulanıb. “İslam həmrəyliyi ili” çərçivəsində iki qurum arasında müştərək layihə və tədbirlərin həyata keçirilməsi təklifi müzakirə olunub.
Sonda G.Əfəndiyevaya Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim edilib.