Azərbaycan Dövlət Musiqili Teatrı 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalına dəvət alıb. Mayın 2-dən 15-dək davam edəcək festivalın əsası 2000-ci ildə qoyulub. Builki festivala Almaniya, Ukrayna, Yunanıstan, Rusiya, İran, Gürcüstan, Fransa, Sloveniya, Serbiya və digər ölkələrin teatrları qatılacaq.
“Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalına dəvət edilməyimiz bizim üçün çox xoş oldu. Xalqlar, ölkələr arasında sülh və dostluğun təbliği məqsədilə keçirilən festival zəngin proqrama malikdir. Belə ki, festival çərçivəsində müxtəlif tədbirlər - həmrəyliyin nümayişi olaraq iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, sərgilər təşkil edilir. Azərbaycanı bu nüfuzlu festivalda təmsil etmək bizdə qürur doğurur”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.