Fevralın 11-də Ankarada azərbaycanlı tarixçi Cavid Mövsümlü və İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin birgə təşəbbüsü ilə Xocalı faciəsinin 25 illiyinə həsr edilmiş konfrans keçirilib. Tədbirdə Ankarada fəaliyyət göstərən azərbaycanlı diaspor üzvləri, burada təhsil alan soydaşlarımız, ictimaiyyət və media təmsilçiləri, müxtəlif ölkələrdən tələbələr iştirak edib.
Faciənin görüntülərini təsvir edən plakatlar qoyulmuş səhnədə əvvəlcə Xocalı soyqırımı haqqında sənədli film göstərilib.
Sonra çıxışlar olub. Türkmeneli televiziyasının nümayəndəsi, şair Qanim Kassapoğlu türk xalqlarının hər zaman bir-birinə dəstək olmasının vacibliyini vurğulayaraq deyib: “Aramızda uzaq məsafə olsa da, ürəyimiz bir döyünür. İraq türkmənləri Azərbaycanın dərdini də, sevincini də özününkü bilir. Burada toplaşmağımız Xocalı kimi bir dərdimizi bölüşməyimizdir”.
Azərbaycanlı tarixçi Cavid Mövsümlü tədbirin təşkilinə görə İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin Türkiyə təmsilçisi Abbas Türkmənə, media dəstəyi verən Türkmeneli TV-yə minnətdarlığını bildirib, Xocalı faciəsinin tarixindən bəhs edib.
İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin sədri Abbas Türkmən ermənilərin Xocalıda törətdiyi soyqırımı faktına dünyanın seyrçi qaldığını təəssüflə qeyd edib. Bu fikirlərə Telafer Mədəniyyət Mərkəzinin təmsilçisi, şair Mikdət Həvdioğlu da qoşulub.
Tədbirdə əsli Qarabağdan olan, Ankarada təhsil alan azərbaycanlı tələbələr də iştirak edib. Humay Nəsibovanın Xocalı faciəsiylə bağlı dilə gətirdiyi acı xatirələr zalda oturanları daha da təsirləndirib.
Sonda Türkmeneli TV iştirakçılardan faciə ilə bağlı qısa müsahibələr alıb. Tarixçi və jurnalist Mehparə Sultanova azərbaycanlıların Xocalı dərdinə göstərdikləri diqqətə görə İraq türkmənlərinə minnətdarlığını bildirib: “Arzu edirəm ki, yaxın vaxtlarda biz işğal olunmuş torpaqlarımızı düşməndən geri alaq. Kərkük ellərinə isə hüzur və əmin-amanlıq gəlsin. O zaman biz bu məkanlarda kədərimizi deyil, sevincimizi paylaşaq”.