Fevralın 21-də Muzey Mərkəzinin sərgi qalereyasında amerikalı rəssam Şeyn Quffoqqun “The observer is the observed” (“Müşahidəçi müşahidə edir”) adlı beynəlxalq rəsm sərgisinin açılış mərasimi keçirildi.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi, Marika Parsadanelli Beynəlxalq İncəsənət Agentliyi və Karpentye Art (Paris) qalereyasının təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər iştirak edirdi.
Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək bildirdi ki, bu gün olduqca maraqlı bir sərginin açılışına toplaşmışıq. Bakıda ABŞ rəssamlarının sərgilərinin nadir hallarda açıldığını nəzərə alsaq, bu sərgini ölkəmizin mədəni həyatında hadisə kimi dəyərləndirə bilərik.
Qeyd edildi ki, Amerikalı rəssamın yaradıcılığının pərəstişkarları və əsərlərinin kolleksiyaçıları sırasında Bill Klinton, Hillari Klinton, Dastin Hoffman, Meq Rayan, Ed Harris, Şon Uilyam Skott və başqa tanınmış şəxslər var. Rəssamın əsərləri dünyanın məşhur muzeylərində saxlanılır.
Sərginin sponsoru Patrik Karpentye Azərbaycanda belə bir tədbirin təşkilində iştirakından qürur hissi duyduğunu söylədi. Vurğuladı ki, sərginin ziyarətçiləri Şeyn Quffoqqun ən gözəl əsərləri ilə tanış ola biləcəklər.
Bakının qədimliyi və müasirliyi ilə insanı valeh etdiyini söyləyən rəssam Şeyn Quffoqq sərginin təşkilində ona yaxından köməklik göstərən bütün insanlara minnətdarlığını bildirdi. Rəssam dedi ki, burada sərgilənən əsərlərinə ömrünün 20 ildən çoxunu həsr edib. O öz yaradıcılığını sözsüz poeziya adlandırdı.
Sonra iştirakçılar sərgi ilə tanış oldular.
Qeyd edək ki, sərginin ekspozisiyası iki hissədə təqdim olunur. Birinci hissədə rəssamın 2008-ci ilədək, yəni yaradıcılığının erkən dövrünə aid əsərləri nümayiş etdirilir. Hər bir iş əsərə daxili parıltı effekti verən 80 yarımşəffaf rəng qatından ibarətdir. İkinci hissədə rəssamın Leonardo da Vinçiyə həsr etdiyi əsərlər yer alıb. Rəssamın sərgidə ümumilikdə 73 rəsm və heykəltəraşlıq əsəri nümayiş etdirilir.
Los-Ancelesdə doğulan Şeyn Quffoqq Kaliforniya İncəsənət İnstitutunda rəssamlıq təhsili alıb. 1989-1995-ci illərdə “mətn rəngkarlığı”nın məşhur yaradıcısı Edvard Ruşa ilə işləyib. Müasir abstraksionizm məktəbini təmsil edən Şeyn Quffoqq yağlı boya, akvarel, quaş və pastel boyalarla kətan, kağız, sink plitələr üzərində əsərlər yaradır. O, XVI əsr rəssamları arasında xüsusilə məşhur olan qlizal (şirələmək) texnikasından istifadə edir.
Bakıda “The observer is the observed” sərgisi aprelin 6-dək davam edəcək.
Fariz Hüseynov