Kitab-albom, sənədli film və elektron məlumat bazası təqdim edildi 
   
   Fevralın 21-də Milli Kitabxanada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
   Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov Xocalı faciəsinin ermənilərin xalqımıza qarşı tarixən həyata keçirdiyi məkrli siyasətinin davamı olduğunu dedi. Bildirdi ki, bu qanlı hadisədə 613 nəfər dinc sakin xüsusi amansızlıqla qətlə yetirilib.
   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” sərəncamına uyğun olaraq ölkəmizin hər yerində faciə qurbanlarının xatirəsinin anıldığını vurğuladı: “Xocalı soyqırımı XX əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımlarından biridir. Ermənilər zaman-zaman xalqımıza qarşı soyqırımı və işğalçılıq siyasəti həyata keçiriblər. Xocalı faciəsinə hüquqi-siyasi qiymət məhz ulu öndər Heydər Əliyev tərəfindən verildi. Bununla da bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edildi. Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində bu soyqırımı faktının dünyaya çatdırılması sahəsində böyük işlər görülür”.
   Vaqif Əliyev vurğuladı ki, soyqırımını sübut edən kifayət qədər fakt və sənədlər olmasına baxmayaraq, dünyada mövcud olan ikili standartlar üzündən Xocalı soyqırımını törədən şəxslər hələ də öz layiqli cəzalarını almayıblar. 
   Azərbaycan Respublikası hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov Hərbi Prokurorluğun Memorial Soyqırımı Muzeyi barədə məlumat verdi. Qeyd olundu ki, muzey XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzeyin soyqırımı və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş SSRİ-nin 366-cı alayının 1992-ci il fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib. Diqqətə çatdırıldı ki, “Soyqırımı Muzeyi” kitab-albomu da muzeyin materialları əsasında hazırlanıb.
   Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirdi ki, xalqımıza qarşı törədilmiş soyqırımı və faciələr haqqında tədqiqat işləri aparılmalı və cinayətkarlar cəzalandırılmalıdır. Son bir neçə ildə Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı əks etdirən külli miqdarda arxiv sənədləri müxtəlif ölkələrdən gətirilərək toplu şəklində nəşr olunub. 
   Digər çıxış edənlər də xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətlərin bütün dünyaya, gələcək nəsillərə çatdırmağın vacibliyini vurğuladılar. 
   Çıxışlardan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğu və AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan “Soyqırımı Muzeyi” kitab-albomunun, Müdafiə Nazirliyinin nəzdində Sənədli və tədris filmləri studiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filmi və Milli Kitabxana tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı keçirildi. 
   Tədbir iştirakçıları “Xocalı soyqırımı - 25” adlı kitab sərgisi ilə də tanış oldular.
   
   Fariz Hüseynov