Tədbirdə “TÜRKSOY-Azərbaycan” kitab-albomunun təqdimatı da keçirilib
Fevralın 20-də İstanbul Böyükşəhər Bələdiyyəsi və TÜRKSOY-un təşkilatçılığı ilə Qazaxıstanın Türkistan şəhərinin 2017-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunmuş xüsusi proqram düzənlənib. İstanbuldakı “Türk Dünyası” Mədəniyyət Mərkəzində gerçəkləşən mərasimdə öncə TÜRKSOY-la bağlı təqdimat filmi nümayiş etdirilib. Qurumun baş katibi, professor Düsen Kaseinov və İstanbul “Kültür və sənət nümunələri” şirkətinin baş direktoru Nevzat Kütük çıxış ediblər.
Sonra tədbir panel toplantısı ilə davam edib. TÜRKSOY tərəfindən Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 25 illiyi münasibətilə çap edilən kitabların da təqdimat mərasimi keçirilib.
Azərbaycanın qurumdakı təmsilçisi Elçin Qafarlı “TÜRKSOY-Azərbaycan”, Qazaxıstan təmsilçisi Asker Turqanbayev “TÜRKSOY-Qazaxıstan”, Qırğızıstan təmsilçisi Hoşgəldi Kuliyev “TÜRKSOY-Qırğızıstan” kitabları haqqında məlumat verib.
Bildirilib ki, təşkilatın müxtəlif illərdə hazırladığı nəşrlər, o cümlədən incəsənət tədbirləri türkdilli xalqların inteqrasiyasında və dünyada tanınmasında mühüm rola malikdir. Çıxışlarda təşkilatın layihələrinin əhəmiyyəti, qarşıda duran vəzifələrin həyata keçirilməsinin yollarından bəhs olunub.
İştirakçılara təqdim olunan “TÜRKSOY-Azərbaycan” kitab-albomunda təşkilatın ölkəmizlə bağlı çoxşaxəli fəaliyyəti barədə müfəssəl məlumat verilir.
Sonda türkdilli xalqların tanınmış rəssamlarının əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub. Tədbirə qatılan qonaqlar Türkistan plovuna qonaq edilib.
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev mərasimdə iştirak edib.
Mehparə