Fevralın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında “Dil millətin varlığıdır” mövzusunda tədbir keçirildi. 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbir dövlət himninin səslənməsi ilə başlandı.
   MKS-nin Kitabiləşmə və komplektləşmə şöbəsinin müdiri Təranə Məmmədova tədbiri açaraq əlamətdar günün tarixi haqqında məlumat verdi. Qeyd olundu ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. 
   Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili, Nərimanov Rayon Qadınlar Şurasının sədri Mərcan Şahbuzlu, şairə Telli Sənəm Borçalı, “Carçı” jurnalının redaktoru Gülnarə Əmirquluyeva və başqaları vurğuladılar ki, Azərbaycan dili xalqımızın ən böyük milli sərvətidir. Dil xalqın fikrinin, düşüncəsinin, əqidə və milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. 
   Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərdiyinə görə ümummilli lider Heydər Əliyevi minnətdarlıqla xatırlayırıq. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir mühüm addımdır. Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
   Tədbir G.Şaroyev adına 35 nömrəli 11 illik Uşaq musiqi məktəbinin şagirdləri və fəal oxucuların təqdim etdiyi ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya ilə davam etdi. 
   
   Lalə Azəri