Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu tarix 1999-cu ilin noyabrında Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Əlamətdar gün ənənəvi olaraq mədəniyyət ocaqlarında, yerlərdəki kitabxanalarda müxtəlif tədbirlərlə qeyd olunur.
Zərdab rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim - varlıq möhürüm” adlı tədbir keçirilib. Mərkəzi kitabxananın direktoru Nailə Əliyeva, Uşaq şöbəsinin müdiri İlahə Əsədova, İnformasiya-resurs şöbəsinin müdiri Rəqibə Qasımova mövzu ilə bağlı çıxış ediblər. H.Aslanov adına şəhər 3 saylı orta məktəbin şagirdləri ana dilimizə həsr olunmuş şeirlər söyləyiblər.
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən Mərkəzi kitabxananın oxu zalında “Milli varlığımız - ana dilimiz” adlı tədbir təşkil edilib. Mərkəzi kitabxananın və 71 saylı şəhər kitabxanasının birlikdə hazırladığı tədbiri MKS-nin direktoru Seyfəddin Feyzullayev açıb. Sonra kitabxana filialının işçisi Zülfiyyə Məsuminin məruzəsi dinlənilib.
Qazax rayon MKS-nin şəhər 1 saylı kitabxana filialı şəhər 1 saylı Folklor evi ilə birlikdə “Dilimiz milli varlığımızdır” adlı tədbir keçirib. Tədbirdə Sosial-İqtisadi Kollecin tələbələri, fəal oxucular iştirak edib. Kitabxana filialının müdiri Solmaz Nağıyeva, 1 saylı Folklor evinin müdiri Gülsüm Həsənova çıxış ediblər.