Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, qohumları, məktəblilər iştirak ediblər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin xoru çıxış edib. Şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş “Vətən sağ olsun!” sənədli filmi nümayiş etdirilib.
Sonra rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilmiş şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol və şahmat üzrə rayon turnirlərinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin X sinif şagirdi Fizzə Vəlizadə bəstəkar Səadət Fərəcovanın “Unutmarıq” əsərini səsləndirib. Tədbirin sonunda tanınmış hərbi diktor, bəstəkar Şəmistan Əlizamanlı vətənpərvərlik ruhlu mahnılarını ifa edib.