Ölkəmizdə alman irsinin 200 illiyinin qeyd olunması ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib
Fevralın 22-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib.
Ölkəmizdəki alman irsinin qorunması və təbliğindən söhbət açan Sevda Məmmədəliyeva bu istiqamətdə görülən işlər və əməkdaşlıq perspektivlərindən danışıb. 2017-ci ildə Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin UNESCO çərçivəsində qeyd olunması, eləcə də Azərbaycan Prezidentinin 30 avqust 2016-cı il tarixdə imzaladığı müvafiq sərəncamın icrası ilə bağlı tədbirlər planının həyata keçirilməsində alman şirkətləri ilə əməkdaşlıq və birgə layihələrin reallaşdırılması təklif edilib.
Qonağa Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illiyi ilə bağlı nazirliyin müvafiq əmrləri ilə yaradılan Göygöldə Alman İcmasının Tarixi Muzeyi və Şəmkirdə Alman İrsi Mərkəzinin təmiri, bərpası və bədii tərtibatı, habelə “Azərbaycanda alman izləri” mədəni turizm marşrutu üzrə Hacıkənd yaşayış məntəqəsində, Gədəbəy rayonunda mövzuya dair muzey tipli müəssisələrin təşkili ilə əlaqədar aparılan işlər barədə məlumat verilib.
Layihə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru T.Bauman tərəfindən maraqla qarşılanıb.
Nazir müavini Cənubi Qafqazda mövcud olan alman irsinin təbliği məqsədilə film çəkilişlərinin aparılması barədə də məlumat verib. Qonaq Alman-Azərbaycan Xarici Ticarət Palatasının bu istiqamətdə nazirliklə əməkdaşlığa hazır olduğunu bildirib.