Ankarada Beynəlxalq Ana Dili Günü qeyd olunub
   
   Fevralın 21-də Ankarada Türkiyə Milli Kitabxanasının və Banqladeşin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü qeyd olundu. Tədbirə xarici ölkə səfirliklərinin təmsilçiləri, diplomatlar və alimlər, media nümayəndələri qatılmışdı. 
   Bu əlamətdar günün tarixi 1952-ci il fevralın 21-də o vaxt Pakistanın tərkibində olan Banqladeşin Benqal şəhərində ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi ilə bağlıdır. 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. 
   Mərasimdə çıxış edən Banqladeş Xalq Respublikasının Türkiyə böyükelçisi Allama Siddiki bu tarixdən söz açdı. Qeyd edək ki, Allama Siddiki eyni zamanda ölkəsinin Azərbaycanda akkreditə olunmuş səfiridir.
   Diplomat vurğuladı ki, 21 fevral Benqal Dili Hərəkatı nümayişlərində şəhid olanların anıldığı bir gündür: “Bu gün bizim üçün həm faciəvi, həm də bir uğur, qalibiyyət günüdür. Bunun sayəsində benqal dili əvvəlcə rəsmi tanındı, sonra da 21 fevral bütün dillərin varlığını simvolizə edən beynəlxalq gün olaraq qeyd olunmağa başlandı. Bu gün bəşəriyyət üçün böyük bir miras halına gəlib”.
   Hacettepe Universitetinin rektoru, professor Haluk Özen dilin bir millətin ruhunu meydana gətirdiyini ifadə etdi. Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Derya Örs keçirilən tədbirin, ana dili uğrunda həyatlarını itirən benqal gənclərin xatirəsini əbədiləşdirən bu günün önəmindən söz açdı. 
   Çıxışlar bitdikdən sonra tədbirin bədii hissəsi başladı. Braziliya, Danimarka, Konqo, İndoneziya, Qırğızıstan, Hindistan, Küveyt, Türkiyə və digər ölkələrin mahnıları ifa edildi və rəqsləri nümayiş etdirildi. 
   
   Mehparə Sultanova
   Ankara