“Yaxın və Orta Şərqin bir sıra ölkələrində miniatür sənəti inkişaf edib, amma bizim Təbriz miniatür məktəbi onların hamısının tacı sayılır”
Miniatür sənəti Şərq xalqlarının çoxəsrlik incəsənət tarixinin maraqlı səhifələrindən biridir. Azərbaycan sənətkarlarının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən sanballı sənət incilərindən biri də miniatür nümunələridir. Miniatür sənəti bu gün də ölkəmizdə inkişaf edir və onun tanınmış nümayəndələrindən biri rəssam Fəxrəddin Əlidir. Rəssamla çalışdığı AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda görüşdük.
Həyatda hər bir insanın öz tale yolu var. Fəxrəddin Əlinin ömür yolu 1938-ci il mayın 10-da Araz qırağında, Ermənistan SSR Mehri rayonunun Nüvədi kəndində başlayıb. Rəssamlığa gəlişinin maraqlı tarixçəsi var: “Böyük qardaşım Həmzə müharibə iştirakçısı idi. O, geri dönəndə özü ilə xatirələri və şeirlərini yazdığı bir kitabça da gətirmişdi. Bu qoşmalara çoxlu miniatürlər çəkmişdi. Uşaq olsam da, onun çəkdiyi bu şəkillər məni çox təsirləndirmişdi. Həmin şəkillər məni rəssamlığa gətirdi. Naxçıvan Pedaqoji Texnikumunda təhsil aldım. 1978-ci ildə Bakıda Rəssamlıq Məktəbinə və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil oldum. Amma göründüyü kimi rəssamlığa olan marağım məni daha çox tanıtdı”.
Rəssam əvvəlcə Rəssamlıq məktəbində xalçaçılıqdan dərs deyir. Bununla yanaşı, təsviri sənətin müxtəlif janrlarında, o cümlədən portret, qobelen, keçə nümunələri və s. maraqlı əsərlər ərsəyə gətirir, dəfələrlə sərgilərdə iştirak edir. 50-yə yaxın xalça-portretin müəllifi olan sənətkar bu ilin yay aylarında xalçalarından ibarət sərgi keçirməyi planlaşdırır.
“Sənətimdə Qərblə Şərqin vəhdətini nümayiş etdirirəm”
Fəxrəddin müəllim deyir ki, Azərbaycanda rəssamlıq təhsili Qərb mədəniyyəti, Avropa rəssamlığı ilə bağlıdır. O isə yaradıcılığında Qərblə Şərqin vəhdətini nümayiş etdirir: “Şərq çox nəhəngdir, sirli bir aləmdir. Şərq həm də sənətkarlar, dahilər məskənidir. Miniatür sənətində Behzad, Sultan Məhəmməd, Müzəfərəddin kimi məşhur adlar var. Məlumdur ki, Yaxın və Orta Şərqin bir sıra ölkələrində də miniatür sənəti inkişaf edib. Farslarda da miniatür var. Amma bizim Təbriz miniatür məktəbi bunların hamısının tacı sayılır”.
Rəssam Əlyazmalar İnstitutunda qədim kitablara çəkilən miniatürlərlə tanış olur və onda bu sənətiə böyük həvəs yaranır. Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın kitabına miniatürlər çəkir, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Əlağa Vahidin yubileyi münasibətilə çap edilən nəşrdə şairin 150 qəzəlinə miniatürlər işləyir. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanan “Azərbaycan dövlətçiliyində hökmdar qadınlar”, AMEA-nın “Azərbaycan muğamları miniatürlərdə”, “Dədə Qorqud obrazları”, eləcə də Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Qətran Təbrizi və digər Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərinə çəkdiyi miniatürlər maraqla qarşılanır.
Digər işləri haqqında isə rəssam bunları deyir: “1991-ci ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyim “Şəhidlər” xalçasını toxudum. Böyük bir kompozisiyanı özündə cəm edən xalça hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində qorunur. “Nizami” xalçasını isə ən gözəl işim hesab edirəm. Bu xalçanı təbii boyalarla toxumuşam. Hazırda isə Nizaminin “Xəmsə”sinə miniatürlər üzərində çalışıram. Onun əsərlərinə miniatürlər hələ Şah İsmayıl dövründə çəkilib. Amma bu günə kimi tam olaraq bütün obrazlar təsvir edilməyib. Orta Asiyada da miniatürçü rəssamlar Nizaminin əsərlərinə müraciət edib. Bunlardan ən məşhurları “Sultan Səncər və qarı”, “Nuşirəvan və bayquşların söhbəti” və digər miniatürlərdir. Amma mən bütün əsərləri miniatürə köçürəcəyəm. Əsas məqsədim dahi Nizamini Azərbaycan şairi kimi dünyaya təbliğ etməkdir”.
“Bütün bu əsərləri oxuyub onları işləmək sizə çətin deyil ki” sualıma həmsöhbətim özünəməxsus cavab verir. Deyir, ərəb və fars dillərini bilməyim, mütaliəyə olan marağım məni yormur. “Sirlər xəzinəsi”nə yenicə çəkib bitirdiyi miniatürləri mənə göstərsə də, fotoların çap edilməyinə icazə vermir. Deyir ki, bunlar kitab üçün nəzərdə tutulub. Kitabda Nizaminin şeirləri həm də ingilis dilində çap ediləcək.
Miniatürün Avropa təsviri sənətindən fərqi
Miniatür sənəti ilə Avropa təsviri sənəti arasında müqayisə aparan rəssam miniatürdə perspektiv anlayışının olmadığını bildirir: “Məsələn, dağın arxasında təsvir olunan fiqurla ön plandakı fiqurun ölçüsü eyni məsafədə olur. Arxa plandakı fiqurla ön plandakı fiqurun eyni ölçüdə, eyni rəngdə olması bir müəmma deyil, bədii ifadə vasitələridir ki, bu da sənətkardan böyük ustalıq tələb edir. Bütün miniatürlərdə Sultan Məhəmmədə qədər dörddəbir ölçü önəmli sayılırdı. S.Məhəmməd miniatür sənətinə profil baxışı gətirib”.
Söhbətimizi rəssamın “Azərbaycan muğamı miniatürlərdə” kitabı üzərində davam etdiririk. Sənətkar deyir ki, muğam mədəniyyəti əksər Şərq xalqlarında olsa da, ən dolğunu bizə məxsusdur: “Bəziləri muğamı islamın yaranışı ilə əlaqələndirsə də, faktlar bunu təsdiqləmir. Mənim qardaşım uzun illərdir Amerikada, Vaşinqton Universitetinin professoru kimi fəaliyyət göstərir və Şumer mədəniyyətinin araşdırmaçısıdır. Sübut olunub ki, muğamlarımızın səsi Şumer mədəniyyətindən eşidilməkdədir. Bu araşdırmalara istinadən deyirəm, dilimizin kökü də Babilistan torpağından, Mesopotamiyadan gəlir. Bu mədəniyyət dünyaya mixi əlifbanı, böyük ədəbiyyat və sənət abidələrini bəxş edib. Qərb dünyası bu qədim mədəniyyətin türklərə aid olduğunu bilir, amma etiraf etmək istəmir. Sözümün əsas məğzi ondan ibarətdir ki, dil mədəniyyətinin başlanğıcı - Şumu dilinin danışıq dili bizim Muğan ləhcəsinə uyğundur. Heç bir xalq buna müdaxilə edə bilmir, çünki o dilə ən yaxın dil bizim dilimizdir. Deyirlər ki, biz əruz vəznini ərəblərdən götürmüşük, bu yanlış fikirdir. Füzulinin qəzəllərində dil Şumer dilinə yaxındır. Elmi mənbələr də bunu təsdiqləyir”.
Lalə Azəri