Azərbaycan
   
   25 fevral 1910 - Tanınmış rəssam Rüstəm Məmməd oğlu Mustafayev (1910 - 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. «Koroğlu» operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.
   
   26 fevral 1926 - Bakıda I Beynəlxalq türkologiya qurultayı açılıb. Türk xalqları tarixində mühüm mədəni hadisə olan qurultay martın 6-dək davam edib. 
   26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində dəhşətli qətliam baş verib. Fevralın 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Xocalı soyqırımı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.
   
   27 fevral 1901 - Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 - 2.2.1983) Yelezavetpol quberniyası Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Bir sıra mətbu orqanlarda məsul vəzifələrdə çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Narahat adam”, “Ötən günlər” və s. kitabların müəllifidir.
   27 fevral 1950 - Sənətşünaslıq doktoru, professor AMEA-nın müxbir üzvü Rəna Azər qızı Məmmədova-Sarabskaya anadan olub. “Azərbaycan muğamı”, “Musiqili türkologiya” və s. kitabların müəllifidir.
   
   28 fevral 1894 - Xalq artisti, görkəmli aktyor Mustafa Həşim oğlu Mərdanov (1894 - 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tiflisdə Azərbaycan teatrında, Bakıda Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır?” (Məmməd), “Qanun naminə” (Murtuzov) və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.
   28 fevral 1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 - 4.1.2000) Kazan şəhərində doğulub. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
   28 fevral 1952 - Xalq artisti, bəstəkar Eldar Bəhram oğlu Mansurov anadan olub. Populyar mahnıların, bir neçə simfoniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir.
   28 fevral 2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925 - 2004) vəfat edib.
   
   Dünya
   
   25 fevral 1707 - İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni, 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb. “Mehmanxana sahibəsi”, “İki ağanın bir nökəri”, “Senyor Todero-xuliqan” əsərləri Azərbaycanda tamaşaya qoyulub.
   25 fevral 1841 - Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir, 1841-1919) anadan olub.
   25 fevral 1871 - Ukrayna ədəbiyyatının klassiki, yazıçı və şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka; 1871-1913) anadan olub.
   25 fevral 1907 - Türk yazıçısı və şairi Səbahəddin Əli (1907 - 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların, “Leylim ley”, “Aldırma, könül” kimi xalq mahnılarının sözlərinin müəllifidir.
   
   26 fevral 1564 - İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe, 1564-1593) anadan olub. 
   26 fevral 1802 - Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo, 1802 - 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» və s. romanların müəllifidir.
   26 fevral 1892 - Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə Bakıya gəlib, Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda professional violonçel məktəbinin yaradıcılarından biri olub. Oğlu Mstislav Rostropoviç Bakıda (1927) doğulub. 1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb. 
   27 fevral 1807 - Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow, 1807-1882) anadan olub. 
   27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck, 1902 - 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.
   27 fevral 1912 - İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell, 1912-1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.
   27 fevral 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913 - 27.9.2009) anadan olub. SSRİ-nin dövlət himninin sözlərinin müəllifi olub.
   27 fevral 1932 - Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932 - 23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.
    
   28 fevral 1533 - Fransız filosofu və yazıçısı, İntibah dövrünün məşhur mütəfəkkiri Mişel Monten (Michel de Montaigne; 1533-1592) anadan olub. 
   28 fevral 1823 - Tanınmış fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan, 1823-1892) anadan olub. Peyğəmbərlər haqqında kitabların müəllifidir.
   28 fevral 1893 - Rus kinorejissoru, SSRİ Xalq artisti Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub. 
   28 fevral 1926 - Türk aktyoru Erol Taş (1926-1998) anadan olub. Filmlərdə yaratdığı mənfi tipajlarla tanınıb.
   
   Hazırladı: Vüqar Orxan