Məlum olduğu kimi, 2016-cı ilin dekabrında TÜRKSOY Daimi Şurasının Şəkidə keçirilən toplantısında qurumun növbəti ildə fəaliyyəti ilə bağlı bir sıra əhəmiyyətli qərarlar qəbul olunmuş, o cümlədən 2017-ci il böyük Azərbaycan şairi Molla Pənah Vaqifin xatirə ili elan edilmişdi. 
   Bu il Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyidir və əlamətdar yubiley həm UNESCO səviyyəsində, həm də TÜRKSOY çərçivəsində qeyd olunacaq.
   Martın 2-də TÜRKSOY-un Ankarada yerləşən baş qərargahında “2017 Molla Pənah Vaqifin anım ili”nin açılış mərasimi keçiriləcək. Mərasim Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, TÜRKSOY, Azərbaycan Milli Kitabxanasının dəstəyi və təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
   Mərasimin rəsmi hissəsi ilə yanaşı, şairin əsərlərindən ibarət kitab sərgisinin keçirilməsi və ədəbi-bədii təqdimat nəzərdə tutulub. Tədbirdə həmçinin şairin həyatından bəhs edən sənədli film nümayiş olunacaq.
   “Doğumunun 300-cü ildönümündə Molla Pənah Vaqif” panelində isə şairin həyat və yaradıcılığından bəhs edən məruzələr dinləniləcək, şairin şeirləri səsləndiriləcək.

Mehparə