Fevralın 25-də Ankarada Yerli Düşüncə Dərnəyi tərəfindən Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə dərnəyin fəxri sədri, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, millət vəkilləri Mətin Gündoğdu, Nurəttin Aras, mətbuat, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edirdi. 
   Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirildi. Sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirildi. 
   Mərasimdə çıxış edən Yalçın Topçu bildirdi ki, Qarabağ problemi, Azərbaycanın torpaqlarının işğal olunması, Xocalıda törədilən soyqırımı bütün müsəlman aləminin məsələsi, ortaq dərdi olmalıdır.
   Azərbaycan və Türkiyənin birlikdə hərəkət etməsinin əhəmiyyətinə diqqəti çəkən Topçu eyni zamanda ölkə parlamentini bu soyqırımı aktı ilə bağlı qəti qərarlar verməyə, Xocalı faciəsini 26 fevral 1992-ci ildə erməni terror dövlətinin başındakı bir terroristin əmri ilə törədilən genosid kimi tanımağa çağırıb.
   Yerli Düşüncə Dərnəyinin sədri Mətin Gündoğdu da çıxışında Xocalı qırğınını əsla unutdurmayacaqlarını vurğuladı.
   Qarabağ müharibəsinin qəhrəmanı İbad Hüseynli savaşda yaşadıqlarını dilə gətirərək türk millətini bir olmağa çağırdı.
   Azərbaycanın Xalq artisti Azərin öz çıxışında "İntiqam hissi nə məni, nə də bir Azərbaycan türkünü, nə də dünyada yaşayan müsəlman türkü Qarabağı geri alana qədər tərk etməyəcək", - deyə bildirdi.
   Toplantıda ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Ramil Qurbanov, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və başqaları çıxış etdi. 
   
   Mehparə