Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir və müsbət həll olunması üçün tədbirlər görülür.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 24-də Ağdaşda keçirilib. Nazir Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinlərini qəbul edib.
   Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, daha sonra mərkəzin ekspozisiyası ilə tanış olub.
   Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub. 
   Ağdaşdan qəbula yazılan vətəndaşlar tərəfindən rayonda görkəmli kaman ustası Habil Əliyevin 90 illik yubileyinin keçirilməsi, xalq teatrlarının respublika baxış-müsabiqəsinin təşkili ilə bağlı müraciətlər edilib, həmçinin uşaq musiqi məktəbinə musiqi alətlərinin, kitabxanalara uşaq ədəbiyyatının verilməsi və rayon Tarix-diyarşünaslıq muzeyində tərtibat işlərinin başa çatdırılmasında köməklik göstərilməsi xahiş olunub.
   Göyçay rayonundan qəbula gələnlər Xalq şairi Rəsul Rzanın ev-muzeyinin digər muzeylərlə virtual əlaqələrinin qurulması, muzeyin turizm marşrutuna daxil edilməsi, rayonda keçirilən “Nar festivalı”na daha çox turistin cəlb olunması üçün təkliflərini, eləcə də regionda yerləşən musiqi məktəbləri ilə əlaqələrin yaradılması və digər məsələlər barədə xahişlərini diqqətə çatdırıblar.
   Ucar sakinlərinin müraciətləri rayonda 1904-1910-cu illərdə inşa olunmuş iki “Su qülləsi”nin memarlıq abidəsi kimi nazirlik tərəfindən qeydiyyata alınması, rayon Tarix-diyarşünaslıq muzeyində bədii-tərtibat işlərinin görülməsi, kitabxanalara vətənpərvərlik mövzusunda ədəbiyyatın verilməsi, işlə təmin olunma və əməyin qiymətləndirilməsi kimi məsələlərlə bağlı olub.
   Zərdab rayonundan qəbula gələn vətəndaşlar isə Bakı Xoreoqrafiya Akademiyasında uşaq incəsənət məktəblərinin müəllimləri üçün təlim kurslarının keçirilməsi, Həsən bəy Zərdabinin həyat və fəaliyyəti ilə bağlı yeni kitabın nəşri, yaşlı oxuculara latın qrafikasının mənimsənilməsində kömək etmək məqsədilə kitabxana filiallarında xüsusi kursların təşkili, musiqi məktəblərində fortepianoların köklənməsi üçün mütəxəssislərin ezam olunması barədə xahiş ediblər.
   Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülərək lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
   
   Fariz