Türkiyənin İzmir şəhərinin Karabağlar rayonu ərazisində yerləşən “Azərbaycan-Qarabağ-Xocalı” parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Açılışdan əvvəl keçirilən toplantıda Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı Sadettin Bayır, Karabağlar Bələdiyyəsinin başqanı Muhittin Selvitopu və başqaları çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımının səbəbləri, bu cinayəti törədən erməni vandallarının iyrənc məqsədləri, bu faciənin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrdən bəhs olunub.
İştirakçılar açılışı keçirilən abidə önünə qərənfillər düzüb, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar.