Fevralın 24-də Üzeyir Hacıbəylinin ev-muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri muzeyin direktoru, bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Azərbaycan xalqının bu faciəni heç vaxt unutmayacağını bildirib, yeni nəslin vətənpərvər ruhda tərbiyə olunmasından bəhs edib. Şair-publisist Zərəngiz Qayalı qan yaddaşımızın bu acılı səhifəsi barədə ürək sözlərini bölüşüb, şeirini oxuyub.
Tədbirdə həmçinin “Aytam” Uşaq və Gənclərin Mədəni Maarifləndirmə İctimai Birliyinin üzvləri tərəfindən faciəyə həsr olunmuş səhnələr göstərilib, şeirlər söylənilib. Sonda Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri - xanəndə Ceyhun Qəmbərov, tarda Hüseyn Səmədov və kamançada Gülnar Nağızadənin ifaları dinlənilib.