Ədəbi eşqlə eşidilmiş, irfani maraqla oxunmuş, bəsirəti gözlə görülmüş xatirələr...
Belə bir başlıqdan söhbətin kimdən getdiyini xatırlamaq sizinçün çox asan. Əlbəttə, bu, yarım əsrdən çoxdur “stolüstü”lük stasunu saxlayan “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabının müəllifi - qələmə aldıqlarının əksəriyyəti qədimdən qədim, öz yaşı isə hələlik yüz beş olan Manaf Süleymanov...
Bu müəllifi “xatırlamaq çox asan” dedim, amma əlavə edim ki, ədəbi aləmimizdə belə bir fenomen-xatirəçini - nağıl-noğul şirəli, dastan-qəzəl ləzzətli, kinofilmanə canlı qələm sahibini dəyərincə təqdim etmək, bəndənizçün çox çətin...
Bununçün bir xeyli “dolangəl”lik etmək gərək.
Məsələn, üstündən vaxt yelləri ötdükcə xatirəyə çevrilər dürlü-girli olaylar. Onların da üzərindən zaman felləri keçdikcə, saf-çürük edilər. Bu halda isə onların ev içində qalanı, eldən çıxıb oba-oba yayılanı, dəftərə yazılıb zamanı gələnədək saxlananı və nəhayət, haqqında danışdığımız müəllif(lər) tərəfindən kitab bağlananı olar.
Və -
Xoş o xatirələrin halına ki;
dinləyənə “şəhdi-şəkkər” bir dil, oxuyana “balu-pər” bir üslub ilə çatdırıla...
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” də belə bir nümunə. Bir parası öz dövrlərinin qələmçi kasadlığı üzündən, bir qismi - üstünü milli laqeydlik və ya siyasi yasaq mamırlarının örtməsi səbəbilə tarix künclərində itib-batmaqda olan ümummilli olay-xatirələrin gözəl bir tərtib-təqdimatçı tərəfindən başdan-başa milli-kolorital biçimdə ara-ərsəyə gətirilmiş populyar vəsait...
Bu müəllifin sırf “şəxs”i haqda söhbət, elə həyat və yaradıcılıq “manifest”i kimi hallandırılan (və “trio” kimi assosiasiya olunan) “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”inin ilk kəlməsilə də səsləşir. Yəni, 1912-ci il martın 3-də (Lahıcda) doğulmuş Manaf Fərəc oğlu Süleymanov elə ovaxtdan eşitməyə başlayıb - bu kitabda yazdığı ilk fəsilləri. Sonra gəlir “oxuduqlarım” - dərin mütaliə. Ardınca da, “çox gəzən çox bilər” deyimini “qaranlığa” qərq edən “gördüklərim” aləmi...
Bəli, bu kitabın işığı məni yalnız mütaliəçilik zamanı yox, məqaləçilik məqamında da “çaşdırır”.
Hə, keçənəklərimizin sanballı bir qismini gələnəklərimizə yetirmiş bu istedadlı zəhmətkeş əl tutub üz güldürmə, müdam xeyirxahlıqlara yürümə işlərində də çox ədiblərimizdən fərqli bir ömür yaşayıb. Vaxtında məşhurlaşma bəxti az gətirmiş bu mühəndis-ədib Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsini birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi, dosent, Əməkdar mədəniyyət işçisi olub. Əmək fəaliyyətinə Qaradağ neft-qaz mədənində başlayıb, neft-qaz geologiyası kafedrasının dosenti olub, ədəbiyyata “Yerin sirri” adlı romanla gəlib. Dövri mətbuatda gözəl publisistik-problematik məqalələr çap etdirib, C.London, C.Steynbek, O`Henri, P.Abrahams kimi görkəmli yazıçıları dilimizə çevirib. Biz Bakının “sovet diqqəti”ndən kənar tarixi, milyonçular, qoçular, kefqom və binəsiblər, habelə ilk Cümhuriyyətimizin böyük isimləri haqda da ilk olaraq onun elmi-publisistik yazılarından, kitablarından tanış olmuşuq. Bu kitabların ara-ərsəyə gəlməsi üçün o, keçmiş SSRİ və Azərbaycanın dövlət arxivlərində 30 ilə yaxın çalışıb. Bir neçə ədəbi-bədii (“Fırtına”, “Zirvələrdə”, “Dalğalar qoynunda”, “Şagirdlik illərim” və s.) və sənədli əsərləri içərisində “xatirə” yönümlülərinin xüsusi yer tutduğunu da qeyd etməliyik.
Oxucuların böyük diqqət və maraqla qarşıladığı, ədəbiyyatşünas və tənqidçilərin sadəcə “xatirə” yox, mükəmməl bir həyat həqiqəti kimi qiymətləndirdiyi “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” mütəxəssislərin fikrincə, Bakının neft bumundan başlamış sovetlərin Azərbaycanda oturuşuna qədərki dövr haqqında təkrarsız bir bədii-sənədli salnamədir. Həmin qənaətlərdə bu kitab “dövrün möhtəşəm imarətlərini, bazar, karvansara, yanğın, tətil, nümayiş, qanlı toqquşma və sair neqativ-pozitiv büsatlarının ən vaciblərini göstərən güzgü” kimi də dəyərləndirilib, Sovet dövrünün süqutu ərəfəsində kult kitablardan hesab edilib, “Bakı haqqında hələ də belə səmimi, ürəkdən yazılan bir kitab yoxdur”, “o çağlar təkrar-təkrar və böyük tirajlarla nəşr olunan bu kitabın satışı 500 min nüsxəni keçmişdi” kimi rəy və faktlar yer alıb.
Bunların hamısı isə
bu yorulmaz müəllifin həmin kitabında yer alan “məşhur fransız yazıçısı A.Düma” faktlarından qidalanırdı:
“...Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ocaqlar ovuc içi kimi görünürdü.
Atəşgaha günbatan tərəfdən yaxınlaşdıqda gözlərimiz önündə qeyri-adi bir mənzərə canlandı - ətraf çıraqban oldu. Dedilər ki, bura yalnız bayram günlərində və müqəddəs ayinlər vaxtı belə çıraqban olur.
Atəşpərəstlər iki min ildən çoxdur ki, təqib edilirlər. Onların bu axırıncı yazıq, müti nümayəndələri mərasimi bizə göstərməkçün əllərindən gələni əsirgəmirdi...
Bu mənzərəni görmək istəyən həmvətənlərim tələsməlidirlər. Çünki atəşpərəstlərin ibadətgahında, vur-tut, üç nəfər adam qalmışdır ki, onların da biri qoca, ikisi isə otuz-otuz beş yaşındadır...”
Qos-qoca yaşlarında - müstəqillik dövrümüzdə də qələmdən ayrılmamış, dəyərli əsərləri, publisistik yazıları ilə ictimai-siyasi reallıqları əks etdirməyə çalışmış ədib “Son bahara çatdıq”, “Neft milyonçusu”, “Şərqdə ilk demokratik Cümhuriyyət” kimi maraqlı bədii və elmi-publisistik kitablar qələmə alıb.
Görkəmli yazıçı, tərcüməçi, mükəmməl “xatirəçi” 2001-ci ilin 12 sentyabrında Bakıda vəfat edib...
...Əcnəbi A.Düma fransızları Bakıya dəvət edirdi. M.Süleymanovun hər yerdə (və bu yazıda) daha çox bəhs edilən kitabı isə neçə illərdir bizim özümüzü də çox maraqlı Bakı tarixinə dəvət etmədə...
Hansı Bakıya?
“Bu şəhərin adına hələ miladdan qabaq yazılmış əsərlərdə rast gəlinir və burda əl quyuları vasitəsilə neft çıxarmaq, şoranlıqlardan duz istehsal etmək, zəfəran becərmək barədə də qeydlər var.
Şəhəri araya alan qala hasarları istilalar vaxtı dəfələrlə dağıdılmış, sonralar bərpa edilmişdir.
Əsrlər boyu şərq, cənub və şimal qonşuları ilə ticarət (karvan yolları və dəniz vasitəsilə) etmiş bu şəhərin “İçərişəhər”ində dövrümüzə qədər qalmış “Buxaralılar” və “Hindistanlılar” karvansaraları sübut edir ki, Bakının XIV-XVI əsrlərdə geniş dünya ticarəti olmuşdur. Onun hərtərəfli inkişafı, adının bütün dünyada məşhur olması isə, əlbəttə, XIX əsrin ikinci yarısından (əsasən, 70-ci illərdən) - neft sənayesinin inkişafından başlayıb.
Bakı quberniya mərkəzinə (1859) çevriləndə şəhər artıq Qala divarları içərisindəydi. Küçələr darısqal, əyri, evlər bir-iki mərtəbəli... Diqqəti cəlb edəcək üç böyük bina vardı. Təpədə “Şirvanşahlar sarayı”, “Qoşa qala” qapısı yanında Bakı xanlığı sarayı, bir də, haqqında müxtəlif rəvayət və ehtimallar olan əfsanəvi Qız qalası. İlk adı “Gözətçi qülləsi” olan bu tikiliyə get-gedə “Göz qüllə” deyilir və nəhayət... bütün maneələrə qalib gələn sevgi, məhəbbət abidəsi olaraq - “Qız qalası” adlandırılır.
Bakı öz od-alovu ilə atəşpərəstlərin ən müqəddəs ziyarətgahına çevrilir, dünyanın hər yerindən “öz-özünə yanan” bu ocaqlara ziyarətə gəlirdilər. Bütün bunlar Bakının həm də bir mədəniyyət ocağına, nəticə etibarilə dünyəvi, sivil şəhərə çevrilməsini gücləndirirdi. Bakıdakı üç atəşgahdan biri Suraxanıda, digəri “Pirallahı”da, üçüncüsü - atəşpərəstlərin ən böyük, ən müqəddəs ziyarətgahı hesab edilən Şubanı dağında idi. Həmin Atəşgah məbədi ərazisindəki torpaqlar Abdal dərviş adlı bir şəxsin imiş. O, burada dayaz quyular qazdırar, çıxardığı nefti satıb ehtiyac içində olan kasıblara, xəstələrə, yiyəsiz uşaqlara, dul arvadlara kömək edərmiş...”
Allah o səxavətli dərvişə və bu zəhmətkeş ədibə rəhmət eləsin...
Tahir Abbaslı