Fevralın 26-da Los-Ancelesdə Amerika Kino Akademiyasının "Oskar" mükafatının təqdimetmə mərasimi keçirilib. “Dolby Theatre” zalında gerçəkləşən mərasimdə dünyanın ən nüfuzlu kino mükafatı 89-cu dəfə sahiblərinə təqdim olunub.
Təqdimat öncəsi əsas nominasiyada - “Ən yaxşı film” kateqoriyasında hansı ekran əsərinin qalib gələcəyi xüsusi intizarla gözlənilirdi. Çoxları bu mükafatın yanvarda “Qızıl qlobus” qazanmış “La La Land” musiqili filminə veriləcəyini düşünsə də, “Oskar” münsifləri rejissor Barri Cenkinsin “Ay işığı” (“Moonlight”) filmini seçdilər.
“La La Land” musiqili filminin rejissoru Demen Şazell isə “Ən yaxşı rejissor işi” kateqoriyasında “Oskar”a layiq görüldü. Həmçinin bu film ən yaxşı operator işi, ən yaxşı saundtrek və ən yaxşı mahnı (“City of stars”) nominasiyalarında mükafat qazandı.
“Mançestr sahilində” filmində baş rolda çəkilmiş Keysi Afflek “Ən yaxşı kişi rolu” nominasiyasında heykəlciyə layiq görüldü.
“Ən yaxşı aktrisa” nominasiyasında isə “La La Lend” filmində öz rolu ilə hamını heyran etmiş Emma Stoun qalib gəldi.
«İkinci planda ən yaxşı aktyor» nominasiyasında qalib Maherşala Əli oldu. O, bu kateqoriyada “Oskar”a layiq görülmüş ilk müsəlman aktyor kimi tarixə düşdü.
«İkinci planda ən yaxşı aktrisa» adını «Çəpərlər» filmindəki roluna görə Viola Devis qazandı.
“Ən yaxşı ssenari” nominasiyasında Kennet Lonerqan («Mançestr sahilində»), «Ən yaxşı tammetrajlı sənədli film» nominasiyasında «O. Jey: Amerikada istehsal edilib», “Ən yaxşı animasiya filmi” nominasiyasında "Zveropolis" ekran əsəri mükafatlandırıldı.
İranlı rejissor Əsgər Fərhadi isə «Satıcı» filmi ilə ikinci dəfə “Oskar” mükafatçısı oldu. Onun “Nadirin Simindən ayrılması” (“Boşanma”) filmi 2012-ci ildə “Oskar” qazanmışdı. Yeri gəlmişkən, iranlı rejissor prezident D.Trampın bir sıra müsəlman ölkələrinə qarşı viza və miqrasiya qadağalarına etiraz olaraq Amerikaya getməmişdi.
İ.Qubadova