Martın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan milli peşəkar teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində sənət ocağının quruluşçu rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət “Pərdənin o üzü” adlı fərdi rəsm sərgisi açılacaq.
Sonra görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa təqdim ediləcək.
Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan səhnə əsərinin musiqi tərtibatı Xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur. Rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov və başqaları canlandıracaq.
Qeyd edək ki, Azərbaycan milli peşəkar teatrının təməli 1873-cü il martın 10-da qoyulub.