Həsən Seyidbəyli - 90 
   
   I yazı
   
   “Uşaq idim. İncəsənət aləmi xəyalımın ən qanadlı, möcüzələr yaradan çağlarında mənə əlçatmaz görünürdü. C.Cabbarlı, H.Cavid, M.Müşfiq, S.Vurğun, A.M.Şərifzadə, Ü.Rəcəb... Mənim təsəvvürümdə onların hər biri bir nəhəng idi. İllər keçdi, əlçatmaz xəyallarım həqiqətə çevrilməyə başladı... Mən də yazdım. Mənim də kitablarım çıxdı... Amma onlar... adlarını çəkdiyim sənətkarlar adiləşmədilər, kiçilmədilər, mənim təsəvvürümdə daha da böyüdülər...” 
   
   Görkəmli yazıçı, kinorejissor, kinodramaturq Həsən Seyidbəylinin “Çətin sənət” adlı xatirəsindən götürülmüş bu sətirləri oxuyarkən düşünürsən ki, həqiqətən də sənətkarlar heç vaxt adiləşmirlər, kiçilmirlər, bizim təsəvvürümüzdə daha da böyüyürlər. Həsən Seyidbəyli kimi.
   Görkəmli sənətkarın ömür yoluna ümumi nəzər salsaq, burada üç əsas istiqamət görərik. Birincisi, o, tanınmış yazıçı, dramaturq, ssenarist, publisist idi. İkincisi, o, Azərbaycanın ən istedadlı kinorejissorlarından biri kimi tanınmışdı. Üçüncüsü, ictimai xadim kimi nəinki respublikamızda, eləcə də keçmiş SSRİ məkanında böyük hörmət sahibi idi. 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi, 1975-1980-ci illərdə sədri işləyib, milli kinematoqrafiyamızın tərəqqisi naminə əvəzsiz xidmətlər göstərib.
   
   Tərcümeyi-halından sətirlər
   
   Həsən Seyidbəyli 1920-ci ildə Bakıda anadan olmuşdu. 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatoru fakültəsində bir il oxumuş, 1943-cü ildə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsini, daha sonra həmin institutun nəzdində ali ssenari kurslarını bitirmişdi. Lakin 1943-cü ildə quruluşçu-rejissor diplomunu alandan sonra işlə təmin oluna bilməmişdi. Çünki müharibə illəri və müharibədən sonrakı dövr üçün xarakterik olan film qıtlığı bu gənc sənətkardan da yan keçməmişdi. Ona görə də Həsən Seyidbəyli ədəbi işlə məşğul olmağa başlayır. Məqalələr, ssenarilər, povestlər yazır.
   İstedadlı nəsr ustasının qələmindən çıxan “Kənd həkimi”, “Bizim Astarada”, “Telefonçu qız” povestləri, “Cəbhədən cəbhəyə”, “İllər keçir”, “Uzaq sahillərdə” (son ikisi İmran Qasımovla birgə), “Tərsanə”, “Çiçək” romanları, “Dəniz cəsurları sevir”, “Sən nə üçün yaşayırsan?” (hər ikisi İ.Qasımovla birgə) pyesləri, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “On beş gün Yaponiyada”, “Gördüyüm yerlər” yol qeydləri, publisistik məqalələri, oçerkləri ədəbi tənqidin həmişə diqqət mərkəzində olmuş, bir çox xarici dillərə tərcümə edilmişdi.
   
   Kino tarixinə imzasını qoymuş sənətkar
   
   Kino tariximizin bir sıra ən parlaq səhifələri H.Seyidbəylinin adı ilə bağlıdır. Onun ssenariləri əsasında “Doğma xalqımıza” bədii-sənədli, “Qızmar günəş altında”, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) bədii, “Əyri yolla qazanc”, “Yolda əhvalat” (hər ikisi İ.Qasımovla birgə) qısamatrejlı bədii, “Toral və Zəri”, “Sağ ol, dostum” animasiya, “Sovet Azərbaycanı” (I seriya, N.Yarovaya ilə birgə, Az.TV) televiziya, “Kamillik” sənədli filmləri yaradılıb. O həmçinin “Ömrün səhifələri” kinoalmanaxında intermediyanın müəllifi, “Onun bəlalı sevgisi” filminin bədii rəhbəri olub. Yazıçının “Xidmət lifti” hekayəsinin motivləri əsasında “Liftçi qız” novellası çəkilib.
   Bununla belə, Həsən Seyidbəylinin kinoda əsl işi quruluşçu rejissor kimi çəkiliş meydançasına çıxması ilə başlayıb. O, 8 tammetrajlı bədii filmə quruluş verib. Bunlardan 6-nın həm də ssenari müəllifidir.
   1962-ci ildə eyni adlı povesti əsasında çəkdiyi ilk bədii filmi - “Telefonçu qız” Azərbaycan kino sənətində mühüm mərhələ olub. Bu film istər qayəsinə, istərsə də üslubuna görə onun sonrakı yaradıcılıq axtarışlarının əhatə dairəsinin genişliyini müəyyən edib. Bundan sonra H.Seyidbəyli Xəzər dənizində salınmış əfsanəvi dəniz şəhərinə - Neft Daşlarına - həsr olunmuş “Möcüzələr adası” filminə quruluş verib. Filmdə ömrünün böyük hissəsini burada keçirən qocaman neftçilər, Neft Daşlarına işləməyə gələn gənclər, onların xarakterləri, qarşılıqlı insani münasibətləri haqqında söhbət gedir.
   Ümumiyyətlə. H.Seyidbəylinin filmlərində ictimai, sosial və mənəvi problemlərə mühüm yer verilib. Görkəmli sənətkar deyir: “Kino rejissoru olmaq ən çətin, ən mürəkkəb və demək olar ki, fövqəladə bir sənətə sahib olmaq deməkdir. Əsl kino rejissorunun insanlara deyiləsi vacib, dərin, ümumbəşəri fikri, sözü, həqiqəti olmalıdır. Kinorejissor öz mövzusunun, öz qəhrəmanlarının fədaisi, vurğunu olmalıdır”.
   Bəli, kinorejissor H.Seyidbəylinin “Cazibə qüvvəsi” kinonovellasında, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları” bədii filmlərində günümüzün, zəmanəmizin ən aktual, çağdaş kəskin problemləri öz bədii həllini tapıb. Bu kino əsərlərində qəhrəmanların mənəviyyatı tədqiq olunaraq bütün çalarları ilə açılıb göstərilib. Təsadüfi deyil ki, “Kimi daha çox sevirik” kinoalmanaxındakı “Cazibə qüvvəsi” novellası 1966-cı ildə Moskvada keçirilən idman filmlərinin I Ümumittifaq kinofestivalında idman mövzusunun poetik təcəssümünə görə diploma layiq görülmüşdü.
   
   Həsən Seyidbəylinin cazibə qüvvəsi
   
   60-cı illərin sonunda gənc qüvvələrin Azərbaycan kinosuna axını kino sənətimizdə yeni bir canlanmaya səbəb oldu. Bu axının ön cərgəsində nisbətən yaşlı nəslin nümayəndəsi olan Həsən Seyidbəyli gedirdi. Onun 1966-cı ildə çəkdiyi “Sən niyə susursan?” macəra filmi mürəkkəb mənəvi-əxlaqi problemlərə toxunmuşdu. Film şərəfsizlik, biganəlik, möhtəkirlik, xalq malının talan edilməsi kimi eybəcər hallara qarşı mübarizəyə çağırış kimi səslənmişdi.
   H.Seyidbəylinin çəkdiyi filmləri göz önündə canlandırası olsaq görərik ki, o öz qəhrəmanlarına həssaslıqla yanaşır, hətta onlardan ən yaramazının, tənqidçilərin “mənfi” adlandırdıqları surətlərin belə gələcəkdə ölkə və xalq üçün gərəkli olacaqlarına inanır. O deyirdi: “Mənim seçdiyim qəhrəmanlar tipaj deyil. Həmişə haqlarında düşündüyüm, yazdığım, hər gün həyatda təsadüf etdiyim və ekranda görmək istədiyim qəhrəmanlardır. Mən çox istərdim ki, onlar kinoda həyatlarını davam etdirsinlər, kiçiklər boya-başa çatsınlar, böyüklər yaşa dolsunlar - ekranda qocalsınlar”.
   Kinorejissorun yazıçı Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” adlı ssenarisi əsasında çəkdiyi “Bizim Cəbiş müəllim” filmindəki Cəbiş obrazı məhz belə uzunömürlü və həmişəyaşar ekran surətlərindəndir. Bu film Azərbaycan kinosunun qiymətli incilərindən biridir. Gözəl aktyor Süleyman Ələsgərovun, bəlkə də digər rejissorlara bəlli olmayan istedadının orijinal çalarları “Bizim Cəbiş müəllim” filmində baş rola çəkilərkən üzə çıxdı. Film 1970-ci ildə Minskdə keçirilən IV Ümumittifaq kinofestivalında nümayiş olunmuş, Cəbiş rolunun ifaçısı Süleyman Ələsgərov festivalın diplomunu almışdı.
   Rejissorun digər filmlərinin də maraqlı ekran ömrü olub. Əgər “O qızı tapın” filmində milis işçilərinin fədakar əməyindən, milis orqanlarının bir çox hallarda görünməyən çətin və ağır işlərindən, bu və ya digər cinayət düyününün açılması zamanı baş verən hadisələrdən söhbət gedirsə, “Xoşbəxtlik qayğıları” filmində dramatik münaqişənin əsasını keçmiş adət-ənənələrlə yeni əxlaq qaydaları arasındakı ziddiyyət təşkil edir. Film məhəbbət, xoşbəxtlik haqqında çox vacib çağdaş bir problemin həllinə həsr olunub. Real həyatın xarakterik bir parçasını böyük zövqlə ekrana gətirmək yüksək sənətkarlıq tələb edir. Filmin yaradıcıları bunun öhdəsindən çox məharətlə gəliblər.
   Həsən müəllim deyirdi: ““Xoşbəxtlik qayğıları” bugünkü gəncləri narahat edən problemlərlə əlaqədar olan rejissorluq düşüncələrimin və axtarışlarımın bir növ davamıdır. “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim” və başqa filmlərimdə də gənc müasirlərimiz qarşısında duran problemlərə toxunmuşam, onların əməyə münasibətlərini, həyatda öz yerlərini axtarıb tapmağa cəhd göstərdiklərini təsvir etməyə çalışmışam. “Sən niyə susursan?” filmi mürəkkəb əxlaqi problem qaldırır. “Xoşbəxtlik qayğıları” filmində isə məni insan səadətini tədqiq etmək məsələsi maraqlandırıb”.
   Təsadüfi deyil ki, 1977-ci ilin aprelində Riqada keçirilən X Ümumittifaq kinofestivalında “Xoşbəxtlik qayğıları” filminin quruluşçu rejissoru H.Seyidbəyli məişətdə keçmişin qalıqlarına qarşı mövzunun mükəmməl işlənməsi və yeni əxlaq normalarının təbliğinə görə münsiflər heyətinin xüsusi diplomuna layiq görülmüşdü.
   Həsən Seyidbəylidən danışarkən onun yaradıcılığının daha bir keyfiyyətini qeyd etməliyik. O, gənc aktyorları arayıb tapmaqdan zövq alır, cəsarətlə filmlərində çəkirdi. Bu gün kinoda tanınan aktyorlardan bir çoxunu kinematoqraf üçün vaxtilə H.Seyidbəyli kəşf etmişdi. “Telefonçu qız”, “Möcüzələr adası”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları” və digər filmlərdə çox uğurlu aktyor debütləri olmuşdu. Rasim Balayev, Ramiz Məlikov, Şəfiqə Məmmədova, Xalidə Qasımova (Quliyeva), Zoya Nedbay onu özlərinin müəllimi hesab edirlər.
   
   Böyük Nəsimiyə möhtəşəm kino abidəsi
   
   H.Seyidbəyli yaradıcılığının zirvəsini təşkil edən “Nəsimi” bədii filmi həm də Azərbaycan kinematoqrafiyasında böyük hadisəyə çevrildi. Tamaşaçılar Nəsimi dünyasına məhz rejissorun sehrli ekran prizmasından nəzər saldılar. O, böyük şairi Azərbaycan tamaşaçılarına yeni ampluada təqdim edib tanıtmaqla kinematoqrafiyada bu ölməz sənətkara möhtəşəm abidə ucaltdı.
   “Nəsimi” tarixi-bioqrafik filmini rejissor H.Seyidbəyli yazıçı İ.Hüseynovun ssenarisi əsasında çəkib. İki mahir sənətkarın birgə əməyi və yaradıcı səyi nəticəsində meydana gələn ekran əsəri 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında ən yaxşı tarixi filmə görə mükafat aldı.
   Rejissor “Nəsimi” filmində baş rolu həvalə etdiyi gənc aktyor Rasim Balayevdə nəinki özünə inam yaratdı, həm də onu Nəsiminin fəlsəfi düşüncələrinin dərinliyinə baş vurmağa vadar etdi. Nəticədə dəqiq aktyor oyunu öz gözəl bəhrəsini verdi, ekranda şair və filosof, hürufi təriqətinin ideoloqu, insan zəkasının və əxlaq gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin dolğun obrazı öz həllini tapdı. R.Balayev ən yaxşı kişi rolunun ifasına görə VII Ümumittifaq kinofestivalının laureatı oldu. Nəsimi obrazı ilə parlayan aktyorun üzünə böyük kinonun qapıları taybatay açıldı. Bu, H.Seyidbəylinin böyük xidməti idi.
   
   (ardı var)
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar