Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma və yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin abidəsi aidiyyəti qurumlara bildirilmədən sökülüb.
   Ölkə ictimaiyyətinin narazılığına səbəb olan bu məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aidiyyəti orqanlara tapşırıq verilib.
   Martın 1-də Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov, Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, həmçinin mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçirilib. Heykəlin yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı yer müəyyən olunub.
   Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsinin yolverilməz olduğunu bildirib: “Göründüyü kimi, heykəl olduğu ərazidən götürülüb. Ərazidə tikinti işləri gedir. Bu gün bura toplaşmağımızın da əsas məqsədi heykəlin yenidən bu ərazidə bərpa olunmasının ən qısa zamanda həyata keçirilməsini təmin etməkdir. Görkəmli şairimizin heykəli elə bu ərazidə, yaşayış binasına yaxın yerdə qoyulacaq. Ərazidə yaşıllaşdırma və abadlıq işləri də aparılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Düşünürəm ki, təxminən bir ay müddətində heykəl yenidən burada ucaldılacaq”.
   Memarlar İttifaqının sədri Elbay Qasımzadə mətbuata açıqlamasında bildirib ki, Mikayıl Müşfiqin heykəli müvafiq qanunvericiliyə uyğun olmayaraq aidiyyəti dövlət orqanına məlumat verilmədən götürülüb: “Bu, yolverilməz bir hərəkətdir. Baxın, ətrafda yeni binalar tikilir, şəhərimiz gözəlləşir, eyni zamanda yol tikintisi aparılır. Amma quruculuq işləri həyata keçirilərkən hərtərəfli düşünülməli, müvafiq orqanlara məlumat verilməli, onların fikri öyrənilməli və bundan sonra düzgün qərar verilməlidir. Burada icra olunan iş üçün yalnız yolun layihəsi var. Amma layihədə abadlıq işlərinin görülməsi, heykəlin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb, heykəl həmin meydanın ortasında qoyulsun. Bu ola bilməz. Heykəlin miqyası böyük olmadığına görə kiçik bağçada yerləşməlidir. Mən məsləhət gördüm ki, heykəl həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunsun”.
   E.Qasımzadə heykəlin bərpa olunması işlərinə başlandığını da diqqətə çatdırıb.
   Qeyd edək ki, baş vermiş hadisə Mədəniyyət və Turizm Nazirliyinin ciddi nəzarətindədir. Nazirlik tərəfindən abidənin yenidən qısa zamanda bərpa olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
   Xatırladaq ki, Mikayıl Müşfiqin 1970-ci ildə hazırlanan heykəlinin müəllifi Əməkdar rəssam Münəvvər Rzayevadır.
   
   Fariz Hüseynov