Bu gün çox adam şəkil çəkir, fotoqraflıq edir. Foto ilə məşğul olmaq nə qədər kütləviləşsə də, peşəkarlar elə peşəkar olaraq qalır. 
   Martın 1-də Azərbaycan Fransız İnstitutunda (İFA) «Fotoqrafiya sənətində müasir aspektlər» layihəsi çərçivəsində tanınmış fotoqraf Sənan Ələsgərov «Ustadın əhatəsində» adlı mühazirə söylədi. Əslində bu mühazirə alışdığımız cansıxıcı mühazirələrə heç bənzəməzdi. Sənan müəllim fotoqrafiya sənətinin aktual problemləri, inkişaf tendensiyalarından bəhs etdi, iştirakçıların sənətin incəliklərinə dair suallarını cavablandırdı. 
   Sənan Ələsgərov dünyaca məşhur foto ustası Yozef Kudelkanın Azərbaycana səfəri zamanı onu müşayiət etdiyini yada salaraq onunla ünsiyyət xatirələrini danışdı: «O, heç nə göstərmir, heç bir şey öyrətmir. Mən sadəcə, ustadın yanında, onun ilham pərisinin qanadları altındaydım. Onun təsir qüvvəsi altında siz yalnız işləmək, çəkmək istəyirsiniz».
   Qeyd edək ki, milliyyətcə çex olan Yozef Kudelka 1938-ci ildə Moraviya əyalətində kiçik bir kənddə doğulub. 14 yaşından foto sənətinə maraq göstərib. Mühəndislik təhsili aldığı illərdə teatr tamaşalarından fotolar çəkməyə başlayıb. Amma dünya onu 1968-ci ildə Praqaya sovet qoşunları yeridildiyi zaman çəkdiyi fotolarla tanıdı. Həmin fotolar ona dünya şöhrəti gətirsə də, düz 20 il onu öz vətəninə gəlməyə qoymadı... 
   Məlumat üçün deyək ki, iştirakçıların böyük maraqla dinlədiyi mühazirə «Fotoqrafiya sənətində müasir aspektlər» layihəsinin tədbiri idi. Layihə bu sahənin özəllikləri barədə danışmaq, aktual problemləri müzakirə etmək, eləcə də foto sənətini sosial və bədii fenomen kimi nəzərdən keçirmək məqsədi daşıyır. Mart ayında İnisiativ Kuratorlar Birliyi (İCU) və Azərbaycanda Fransız İnstitutunun (İFA) tərəfdaşlığı ilə «Azərbaycanda mədəniyyət laboratoriyasının yaradılmasına texniki dəstək» layihəsi çərçivəsində foto sənətinə dair növbəti mühazirələri isə tanınmış foto ustaları Eldar Əkbərov və Rüfət Abbas söyləyəcəklər. Layihədə məqsəd təkcə peşəkarların nəzəri biliklərini foto həvəskarlarına nəzəri bilikləri aşılaması yox, həm də onların öz şəxsi təcrübələrini bölüşməsinə şərait yaratmaqdır. 
   
   Gülcahan