“Xeyirlə Şərin rəqsi” nümayiş olunur
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının həyata keçirdiyi “Bizim kino günləri 2017” layihəsi çərçivəsində martın 2-də rejissor Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” bədii filminin kinoteatrlarda nümayişi başlanıb.
   Film Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdiriləcək. 
   “Xeyirlə Şərin rəqsi” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” povestinin motivləri əsasında lentə alınıb.
   Ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və digərləri canlandırır.