Azərbaycan
3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.
3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 - 22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. S.Vurğun, C.Cabbarlı, M.Dilbazi, N.Xəzri və başqa ədiblərin əsərlərini fars dilinə tərcümə edib.
3 mart 1937 - Yazıçı Fərman İsmayıl oğlu Kərimzadə (1937-1989) Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. "Qarlı aşırım" romanı əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib.
4 mart 1919 - Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. Bakıda gözəl memarlıq nümunələri olan bir çox binalar inşa etdirib. Bu gün həmin binalarda müxtəlif təşkilat və müəssisələr (AMEA-nın Rəyasət Heyəti, Dövlət Neft Şirkəti, ÜNS teatrı və s.) fəaliyyət göstərir.
5 mart 1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
5 mart 1936 - Ədəbiyyatşünas alim, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizmin təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair tədqiqatların müəllifidir.
5 mart 1947 - Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı (1947 - 9.7.2014) Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.
5 mart 1956 - Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Aydın oğlu Muradov Bərdə şəhərində anadan olub. "Azər-İlmə" xalçaçılıq şirkətinin rəhbəri, 2016-cı ildən “Azərxalça” ASC-nin sədridir.
5 mart 1957 - Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub. Teatrda, televiziya tamaşalarında (“Atayevlər ailəsi”, “Bala - başa bəla”), filmlərdə (“Yaramaz”) maraqlı rollar oynayıb, bir çox filmlərin dublyajında iştirak edib.
6 mart 1920 - Filologiya elmləri doktoru Yəhya Qasım oğlu Seyidov (1920 - 4.12.1980) Ordubadda anadan olub.
6 mart 1931 - Ədəbiyyatşünas, yazıçı, Əməkdar incəsənət xadimi Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub.
6 mart 1955 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884 - 1955) Ankarada vəfat edib. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Dövrün mətbu orqanlarında yazılarla çıxış edib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı" və s. əsərlərin müəllifidir.
7 mart 1908 - Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.
7 mart 1926 - Xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar ömrünün sonuna yaxın doğulduğu kəndə qayıdıb və orada dünyasını dəyişib.
7 mart 1945 - Xalq artisti Xuraman Hacıyeva (1945 - 15.2.2005) anadan olub. "Arşın mal alan" (1965, Asya), “Lətifə” və s. filmlərdə çəkilib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.
Dünya
3 mart 1879 - Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.
3 mart 1919 - Cənubi Afrika yazıçısı Peter Abrahams anadan olub. Bəstəkar Qara Qarayev 1958-ci ildə yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.
4 mart 1678 - Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) adlı əsəri ilə şöhrət qazanıb.
4 mart 1925 - Fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.
5 mart 1922 - İtalyan rejissoru, yazıçı, şair Pyer Paolo Pazolini (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə məşhurdur.
5 mart 1934 - Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. Filmləri: “Qürbət quşları”, “Hərəmdə dörd qadın”, “Aşk-ı Memnu" (1975) və s.
6 mart 1475 - İtalyan rəssamı, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni; 1475-18.2.1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.
6 mart 1909 - Polyak satirik-yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec, 1909-1966) anadan olub.
6 mart 1928 - Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 - 17.4.2014) anadan olub. Əsərləri: “Polkovnikə heç kim yazmır”, “Arzuolunmaz saat”, “Yüz il tənhalıqda”, “Patriarxın payızı” və s.
7 mart 1875 - Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından Moris Ravel (Joseph Maurice Ravel, 1875-1937) anadan olub.
7 mart 1908 - İtalyan aktrisası, “Oskar” laureatı (1955) Anna Manyani (Anna Magnani 1908-1973) anadan olub.
7 mart 1924 - Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.
7 mart 1941 - Rusiyanın Xalq artisti Andrey Mironov (Menaker; 1941 - 16.8.1987) anadan olub. Filmləri: “Brilyant əl”, “12 stul”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” və s.
Hazırladı: Vüqar Orxan