Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Rumıniya və Moldova respublikalarının milli bayramı olan Bahar günü - Martişor bayramı qeyd olunub.
Hər iki ölkənin Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev çıxış edib. O, Azərbaycanda da yazın gəlişinin təntənəli qeyd olunduğunu bildirib və milli bayramımız olan Novruz bayramı haqqında qonaqlara məlumat verib, ölkələrarası əlaqələrdən bəhs edib.
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Martişor bayramının ilk dəfə ADU-da keçirilməsinə şərait yaratdığı üçün ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü çatdırıb.
Martişor bayramı haqqında qonaqlara məlumat verən səfir bu bayramı rumıniyalıların necə böyük həvəslə qeyd etdiklərindən danışıb, Martişoru Novruz bayramı ilə müqayisə edib. D.İanku Martişor bayramının xalqların növbəti illə bağlı ümidlərini əks etdirdiyini vurğulayıb.
Moldovanın Azərbaycandakı səfiri George Leuka da bayram haqqında danışıb və onun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib. Səfir bu bayramın Moldovada yazın qarşılanmasını əks etdirən ənənəvi bayram olduğunu deyib. Diplomat Martişor ilə Novruz bayramını müqayisə edərək Moldovada minlərlə azərbaycanlının yaşadığını və onların artıq bu bayrama hazırlaşmağa başladıqlarını bildirib.
Sonda tədbir iştirakçılarına qırmızı və ağ iplərdən hazırlanmış martişorlar paylanılıb. Daha sonra qonaqlar bayrama həsr edilən sərgi ilə tanış olublar.