Uşaq ikən film seyri üçün bir meyar icad etmişdim. Əgər titrlərdə əsas ifaçıların arasında qadın yox idisə, həmin filmə baxmırdım. Qəribədir ki, bu meyar mənimlə böyüdü. Özümü kinoman saymasam da, baxmaq üçün yeni film seçərkən, janrı fərq etməz, yenə də baş rolda qadın soyadı axtarıram.
   Azərbaycan filmlərində kifayət qədər yaddaqalan qadın obrazları var ki, onlar mahir aktrisaların sayəsində sevimli qəhrəmanlarımıza çevriliblər.
   
   İsmayılın anası və Şirin kişinin «kəndiri» 
   
   ...Gənc yaşından teatrda müxtəlif səpkili rollar oynamış Nəcibə Məlikova kinoda çox çəkilməyib. Zahiri gözəlliyi ilə istedadı vəhdət yaradan aktrisanın ekranda yaratdığı obrazlardan ikisi var ki, istənilən seyrçinin onun pərəstişkarına çevrilməsinə bəsdir. «Ögey ana» (1958) filmindəki Dilarə və «Əhməd haradadır?» (1963) filmindəki Nərgiz. 
   İlk oxu daşa dəyən Dilarə cavan yaşında dul qalmış Ariflə ailə qurur. Atasız böyümüş Cəmilənin Arifə isinişməyi nə qədər asan baş verirsə, İsmayılın Dilarəni ana kimi qəbul etməsi böyük psixoloji sarsıntı və sınaqlardan keçir. Ola bilsin ki, Dilarənin «mən bu evə ana kimi gəlmişəm, Arifin oğlu mənim oğlumdur, İsmayıl məni «ana» deyib çağırmalıdır!» iddiası erkən həyatdan köçmüş qızının yerinə gələn bu xanımı həzm edə bilməyən Qəmər xalaya qarşı haqsız ismarışdır. Amma aktrisanın məharəti, iri planlarda üzünün ifadəsindən gözlərinin rənginədək dəyişməsi seyrçini Dilarənin düz etdiyinə inandırır. İsmayılın dəftərindəki «Ögey ana» ifadəsini oxuyarkən heyrəti, son kadrda uşağın bayğınlıqdan ayılıb «ana» deyərək onu qucaqlayarkən «can ana» deyərkən yanağından süzülən göz yaşı Nəcibə xanımın sənətkar məharətinə sübutdur. 
   Aktrisanın «Əhməd hardadır?» filmində yaratdığı Nərgiz obrazı başqa anadır. Leyla ilə oğlunun izdivac cəhdi baş tutmadıqda «qızı biabır elədik, qızı» deməklə oğlundan daha çox qonşu qızını düşünür. Onun Əhmədi tapmaq niyyəti də oğlunu valideynlərin seçdiyi qızla zorla evləndirmək istəyindən çox Leylanı qorumaq çabasından irəli gəlir. Öz qızına gəlincə, Nərgiz - Ceyran xətti geniş olmasa da, ana ilə qızın rəfiqəliyi aşkardır. Nərgiz sənət həvəslisi qızına nə qədər sərbəstlik verməyin lazım olduğunu yaxşı bilir. Onun səhnəyə çıxması ürəyindən olsa da, yad oğlana qoşulub yoxa çıxması bir ana kimi onu narahat edir. Üstəlik, Nərgiz xala çox gözəl, işini bilən, ailəni həyat yoldaşı Şirin kişi demişkən, «qəməndir» kimi idarə etməyi bacaran qadındır. Elə Şirin kişinin sözü olmasın, Nərgiz kimi «kəndirdən kim inciyər». 
   
   Sürəyya xanımın baş tutmayan ideal qayınanalığı 
   
   Barat Şəkinskayanın kino rollarını saymağa əl barmaqları yetər. Biz isə aktrisanın nə qulluqçu Sənəmini, nə də pambıqçı Şövkətini xatırlamaq istəyirik. Hərçənd «O olmasın, bu olsun»dakı Sənəm də analıq hissindən xali deyil, «Görüş»ün Şövkəti isə beş uşaq anasıdır. 1962-ci ildə Həsən Seyidbəyli eyniadlı povesti əsasında «Telefonçu qız» filmini çəkərkən Zakirin anası roluna Barat xanımı dəvət edir. Biz filmdə uzun evlilik dövründə həyat yoldaşı ilə qarşılıqlı sevgini yaşatmış, dostcanlı, evdar, həm də nazlı bir xanımla rastlaşırıq. Sürəyya xanım ipə-sapa yatmayan oğlunun Mehribanla görüşdüyünü duyan kimi tanışlığa can atır, kimsəsiz qızın daxilindəki qadınlığı dəyərləndirməyi bacarır. Mərhum aktrisanın mənə danışdığı kimi, əgər o, çəkiliş prosesində ağır qəza keçirməsəydi, Sürəyya obrazı daha böyük olacaqmış. Ssenariyə görə, Sürəyya xanım Zakirin Zərəngizin üzündən Mehribandan soyuduğunu bilən kimi zavoda gəlib aravuran ilə ciddi danışır, telefonçu qız ilə sex rəisi oğlunu barışdırmağa cəhd edir. Heyf ki, bu filmdə Sürəyyanın ideal qayınanalığı baş tutmur. 
   1980-ci ildə Həsən Seyidbəyli Barat xanımı yenidən filmə dəvət edir: aktrisa «Onun bəlalı sevgisi»ndə Nənə rolunu oynayır. Əlindən kitab düşməyən, qəzəl, rübai ilə danışan müdrik Nənə nəvəsi Bəhruzun yeganə himayədarı, həm də ən yaxın dostudur. Xaraktercə bu obrazı Sürəyya xanımın ahıl çağı kimi qəbul etsək də, aktrisanın cazibəsi sıravi seyrçini belə laqeyd qoymur. 
   
   Cənnət xala, yoxsa Səriyyə xala? Bəlkə Şəhla xanım...
   
   Səhnəmizin anası Nəsibə Zeynalovanın kino fəaliyyətindən danışarkən onun Cənnət xalası («Qayınana») və Fatmanisə qarısı («Ögey ana»), Məsmə nənəsi («Yuxu») yada düşür. Biz isə sırf komik səpkili obrazlarını yox, onun Şəhla xanımını («Qanun naminə», 1968), Səriyyə xalasını («Bizim küçənin oğlanları”, 1973), Zeynəbini («Bağlı qapı», 1981) xatırlamaq istəyirik. 
   Prokuror qayınanası Şəhla xanım qızının yağ-bal içində yaşadığını zənn etsə də, qızıgildə başqa mənzərə ilə qarşılaşır. Sovet quruluşunun əlindən aldığı sərvəti Mehmanın qanunsuz əməllə qaytaracağı gümanı puç olanda Şəhla aqressivləşir. «Mehman» povestinə nisbətən filmdə Şəhla obrazı yığcamdır. Nəsibə xanımın jestləri, iri planda mimikadan məharətlə istifadəsi bu qadının hansı düşüncənin sahibi olduğunu açıqlayır. 
   «Bağlı qapı» filmindəki Zeynəb də qayınana olmağa hazırlaşır. Sadəcə, Cənnət xalaya baxmış Zeynəbin bəxti gətirib. Oğlu Fərid yaxşı ailənin qızı Rəna ilə evlənir. Gəlini ilə fəxr edən Zeynəb bir şeyə - ikinci mərtəbədə yaşayan texnikum direktorunun arvadının sağ olmadığına təəssüflənir. Kaş ki, o qadın çəkməçi oğlunun seçdiyi qızı görüb pərt olaydı. 
   «Bizim küçənin oğlanları» bədii televiziya filmindəki Səriyyə xala isə başqa aləmdir. O, məhəllənin ağbirçəyidir. Dörd oğlu cəbhədən dönməmiş qadın Böyük Vətən müharibəsi qəhrəmanlarına qoyulmuş abidəni ziyarət etməklə təskinlik tapır. Məhəllə uşaqlarına «hamınız mənim balamsınız» deyən Səriyyə xala Bakıya gedən Ariflə şəhərə qayıdan Elmiranı eyni kupedə görən qızın xalasının «hər şey bitdi» təəssüfünə əsl həyatsevər ağbirçək cavabı verir: «Bitdi? Nahaq elə fikirləşirsən, əzizim. Mənə elə gəlir ki, bunlar təzə-təzə başlayırlar». 
   
   Sədayə və Ətayə: oxşar, fərqli simalar 
   
   Azərbaycan kinosunda irili-xırdalı rollar oynamış iki aktrisa var ki, onlar göz yaddaşımıza Ana obrazı ilə həkk olunublar: Sədayə Mustafayeva və Ətayə Əliyeva. Hətta tədqiqatçılar da bu aktrisaların gənc ikən səhnədə yaratdığı onlarla obrazı unudaraq, ana rollarının ifaçısı kimi təqdim edirlər. 
   Sanki kino rejissorları ssenaridə mülayim xarakterli, balalarını sevən, onların işinə qarışmayan ana obrazı görən kimi Sədayə Mustafayevanı xatırlayıblar. Qəribədir ki, mərhum aktrisanın oynadığı Xatundan («Qanun naminə») və Gözəldən («Mən ki gözəl deyildim») başqa, digər rollarının heç adı da yoxdur. Titrlərdə Yusifin anası («Ölsəm, bağışla»), Rüstəmin anası («Var olun, qızlar»), Əlinin anası («Ad günü»), Mustafanın anası («Həm ziyarət, həm ticarət») yazılır, vəssalam. Məşhur kino rejissoru Rasim Ocaqov bu aktrisanın analıq sehrinə necə düşübmüşsə, «Ad günü»ndə onu Əlinin anası, bu filmin məntiqi davamı olan «Həm ziyarət, həm ticarət»də isə Mustafanın anası rollarına çəkib. 
   Ətayə Əliyevanın kinodakı ana rolları sayca az, amma daha ağır çəkilidir. «Bizim küçə» (1961) filmindəki Bəyim xala müharibədə bütün ailəsini itirsə də, ətrafındakılara qarşı səmimiyyətini qoruyan, dərdə mərdliklə tablaşan, öz ana məhəbbətini gənclərə səxavətlə xərcləyən nümunəvi ağbirçəkdir. «Uşaqlığın son gecəsi»ndəki (1968) Mənsurə isə hətta oğlunun qüsurunu deyəcək qədər ədalətli, uzaqdan gördüyü qızı gələcək gəlini kimi qəbul etməyə hazır olacaq qədər sadəlövhdür. 
   
   Pəricahandan Rüxsarəyədək 
   
   Xalq artisti Şəfiqə Məmmədova kinoda maraqlı obrazlar yaratsa da, ilk yada düşən «Bizim Cəbiş müəllim» (1969) filmindəki roludur. Eləcə Cəbişin arvadı adlanan qadın müharibə dövrünün maddi çətinliklərinə dözməyi bacarmayan, yalnız balalarını düşünən milyonlarla adi qadından biridir. Heç bir siyasi, ümumölkə qayğısını dərk edəcək ağılda deyil: ondan ötrü müharibəni başlayanla ailəsini dolandıra bilməyən ərinin günahı eynidir: «Allah hər ikinizi öldürsün, səni də, Hitleri də!» deyib qarğıyan Cəbişin arvadını qınamaq olmur. Çünki Şəfiqə xanım öz yozumu ilə obrazına haqq qazandırır. 
   Qəribədir ki, böyük potensiallı aktrisanın ən yaxşı kino rolları məişət çərçivəsindən çıxmır. Qaraçını adam yerinə saymayan Pəricahan xanım («Qaraca qız», 1966), yalnız qonşular görsün deyə, qızlarına yaxşı cehiz vermək amalı ilə yaşayan Rüxsarə («Xoşbəxtlik qayğıları», 1976), SSRİ Dövlət mükafatına layiq görüldüyü Seyfinin arvadı Gülya («İstintaq», 1979) sosial mənşəyindən, cəmiyyətdəki yerindən asılı olmayaraq, analıq instinkti ilə davranan qadınlardır. Bəlkə elə əsl ana belə olmalıdır? 
   
   * * *
   Filmlərimizdə ana rolu oynamış aktrisalarımız az deyil. Sadəcə, altı görkəmli aktrisanın obrazlarını bir kino lenti kimi nəzərdən keçirdik. Təki haqqında yazılası filmlərimiz bol olsun. 
   
   Gülcahan Mirməmməd