Fərhad İsrafilov:  “Qəqəni sənətdə atdığım ilk addım, çətin yolun başlanğıcı idi”
      
   Aktyorun tamaşaçını ovsunlayıb, özünü ona sevdirməsi, onun yaddaşında həmişəlik həkk olunması üçün baş qəhrəman rolunu oynaması, yaxud məşhur, təcrübəli sənətkar olması başlıca şərt deyil. Kiçik, epizodik rolun yüksək ustalıqla, təbii, obrazlı şəkildə oynanılması da aktyoru tamaşaçı auditoriyasına sevdirə, ona böyük rəğbət qazandıra bilər. Bir sıra aktyorlar sənətə məhz belə kiçik, amma həmişəlik yaddaqalan rollarla gəliblər. Haqqında bəhs edəcəyimiz Fərhad İsrafilov kimi.
    
   Ona geniş tamaşaçı rəğbəti, sevgisi qazandıran ilk rolu “Yeddi oğul istərəm” filmində oynadığı Qəqəni obrazı olub. Sonralar müxtəlif ekran əsərlərində, tamaşalarda maraqlı obrazlar yaradan aktyor bu gün də ilk növbədə məhz Qəqəni rolu ilə göz önünə gəlir...
   Fərhad İsrafilov 1955-ci ildə Bakıda anadan olub. Yeniyetmə vaxtından sənətdə öz yerini tapıb. Artıq 45 ildir bu yolda yorulmaq bilmədən çalışır: kino çəkilişi meydanlarında, gah da 1989-cu ildən çalışdığı “Yuğ” və digər teatrların səhnələrində. Eyni zamanda, Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrə aktyor sənətinin incəliklərini öyrədir. Sənətdə göstərdiyi xidmətlərə görə, 2005-ci ildə “Qızıl dərviş” mükafatına, 2006-cı ildə isə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
   “Aktyorluq sənəti Allah vergisidir”, - deyən Fərhad müəllim, kinoya gəlişini belə xatırlayır:
   - Bir gün televiziyada elan etdilər ki, “Şərikli çörək” filmində epizodik rolları oynamaq üçün 10-15 yaş arası uşaqlar çəkilişə üçün dəvət olunur. Mən də özümü sınamaq qərarına gəldim və məktəb yoldaşımla birlikdə kinostudiyaya getdik. Adımızı, oxuduğumuz məktəbi soruşub qeydə aldılar. Bir neçə gündən sonra xəbər gəldi, məni qəbul ediblər. Beləliklə, 1969-cu ildə ilk dəfə “Şərikli çörək” filminə çəkildim. “Yeddi oğul istərəm” filmində Qəqəni roluna isə məni unudulmaz rejissorumuz Kamil Rüstəmbəyov dəvət etdi. O rola da 30 nəfərə yaxın uşaq dəvət olunmuşdu. Mən həmin uşaqların içindən seçildim.
   - Yəqin ki, Şahmar Ələkbərov, Həsən Məmmədov, Həsən Turabov və s. görkəmli aktyorlar ilə bir filmdə yer almaq çox sevindirici və həyəcanlı anlar idi?
   - Bəli, bu mənim üçün çox böyük bir fəxr idi. O vaxt mənim kino, aktyorluq haqqında elə də təsəvvürüm yox idi. Lakin bu sənətkarlardan film ərsəyə gələnə qədər çox şey öyrəndim. Bu sənətkarlarla tərəf-müqabil olmaq məsuliyyətini dərk edirdim. Çətinlik çəkdiyim yerlərdə məni elə səbrlə və təmkinlə başa salırdılar ki, hər şey sanki “su kimi” axırdı. Onlardan sadəcə çəkiliş meydanında kömək, dəstək yox, həm də özümə qarşı həqiqi dost, qardaş və sənətkar qayğısı görürdüm.
   - “Qəqəni”nin tamaşaçılar tərəfindən sevilməsini, obrazın yaddaşlarda əbədi həkk olmasını nəzərə alıb, bu rolu kino fəaliyyətinizdə zirvə hesab edirsinizmi?
   - Mənim yaradıcılığımda müxtəlif obrazlar, hətta baş rollarda oynadığım filmlər olub. 1972-ci ildən etibarən isə çoxsaylı filmlərdə çəkilmişəm. Lakin tamaşaçı Qəqənini daha çox tanıyır. Qəqəni sənətdə atdığım ilk böyük addım, çətin yolun başlanğıcı idi.
   - Sizə yaxın dostlarınız necə? “Fərhad”, yoxsa “Qəqəni” deyə müraciət edirlər?
   - Bu yaxınlarda filmin 40 illiyi ilə əlaqədar tədbir keçirildi. Filmin aktyorlarından həyatda qalan dörd nəfər Əbdül Mahmudbəyov, Rafiq Əzimov, Ənvər Həsənov və mən tədbirdə iştirak edirdik. Təbii ki, mən tamaşaçının gözündə Qəqəni kimi də qalmışam. Mənə belə müraciət edib, belə də çağırırlar.
   - Yaşınızın bu çağında ekrandan uşaqlıq kadrlarınıza baxanda hansı hissləri keçirirsiniz?
   - O film mənə yeniyetməlik, gənclik dövrümü xatırladır. İndi ağ saçlarıma baxanda “bu 40 ili necə yaşamışam” sualı ilə baş-başa qalıram. Yəni keçmişə qayıtmaq elə də asan olmur.
   - Kino ilə yanaşı, yaradıcı həyatınızın 21 ilini teatrda keçirmisiniz. Sizcə, kinoda, yoxsa teatrda çalışmaq daha asandır?
   - Teatr peşəkarlığı artıran sənətdir. Kino isə müvəqqətidir. Obrazı canlandırırsan, kadra düşürsən qurtarıb gedir. Lakin teatrda oynadığın rolda səhvləri, çatışmazlıqları aradan qaldırmaq imkanların var. Səhnədən səhnəyə püxtələşirsən. Bu mənada teatrı yaradıcı qazanc mənbəyi adlandırmaq olar. Kinoda isə bu qazancdan peşəkarlıqla geninə-boluna istifadə edib, xərcləyirsən. Amma əlbəttə ki, hər iki sənət çətin, lakin zövqlüdür.
   Fərhad müəllim teatrdan söhbət düşərkən, fürsətdən istifadə edib, bu ilin noyabrında paytaxtımızda keçirilmiş I Bakı Beynəlxalq teatr konfransını, Çexov Teatr festivalının “İpək yolu” layihəsini yüksək qiymətləndirdi. Bu kimi tədbirlərin ölkəmizdə teatrın inkişafına mühüm töhfə olduğunu vurğuladı. Biz də sənətkara uzun cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
   
   Eldar İbrahimoğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar