Memarlıq doktoru, professor Rayihə Əmənzadənin “Azərbaycan memarlıq abidələrinin tipologiyası: XI-XVII əsrlər” kitabı çapdan çıxıb. Nəşrin elmi redaktoru AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadədir.
Dərs vəsaitində XI-XVII əsrlərdə Azərbaycanın memarlıq abidələrinin tipoloji təsnifatı ilə yanaşı, onların formalaşma xüsusiyyətləri verilib. Həmçinin hər regionun təbii iqlim şəraiti və memarlıq məktəblərinin gözdən keçirilən abidələrin formalaşmasındakı rolu xüsusi qeyd edilib.
Kitabda orta əsrlər Azərbaycan monumental tikililəri ümumiləşdirilir və onların geniş tipoloji spektri təqdim edilir. Memarlıq tipologiyasında dini, xatirə, mülki, ticarət və müdafiə qurğuları və tikililərin titul siyahısı ehtiva olunur, xalqımızın memarlıq mədəniyyətinin bir çox cəhətləri və abidələrin funksional müxtəlifliyi işıqlandırılır.
Memarlıq ixtisası üzrə bakalavr və magistrlər üçün nəzərdə tutulan dərs vəsaiti, eyni zamanda memarlıq tarixi ilə məşğul olan mütəxəssislər üçün dəyərli mənbədir.