1873-cü il martın 10-da Bakıda M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyulması ilə başlanan milli teatr tariximiz nədənsə həmin gün səhnənin tərtibatını həyata keçirən adamın adını özündə yaşatmayıb. O vaxt bu tərtibat klassik tutuma malik olsaydı, yəqin ki, icraçı-rəssamın adı tarixə düşər və zaman-zaman xatırlanardı. Bu gün tamaşanın çox vaxt uğurunu şərtləndirən yaradıcılıq məsələlərindən biri məhz onun tərtibatıdır, desək, yanılmarıq.   
   Teatr-dekorasiya sənəti tariximizin arxada qalan illərini xatırlamalı olsaq, onda əvvəlcə teatr tamaşalarında rəssamın iştirakı barəsində ilk məlumatın 1908-ci ildə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında baş rolu oynamış Hüseynqulu Sarabskinin verdiyini qeyd etməliyik. O, müasirlərinə həmin tamaşanın tərtibatının sonralar həm də rəssam kimi tanınacaq Əli bəy Hüseynzadə (1864-1940) tərəfindən yerinə yetirildiyini söyləmişdi.
   Sonradan Tiflisdə professional təhsil alan Bəhruz bəy Kəngərli (1892-1922) Naxçıvana qayıtdıqdan sonra buradakı teatr tamaşalarının tərtibatı ilə məşğul olmuşdu. 20-ci illərdə Bakıya Rusiya teatrlarından dəvət olunan və bu sahədə təcrübəsi olan əcnəbi rəssamlar da çalışırdılar. 
   XX əsrin birinci yarısında bu sahədə fəaliyyət göstərənlər arasında Ə.Əzimzadə, R.Mustafayev, S.Yefimenko, H.Mustafayev, daha sonrakı dövrdə isə N.Fətullayev, İ.Axundov, Y.Toropov, İ.Seyidova, B.Əfqanlı, S.Şərifzadə, Ə.Almaszadə, Ə.Fətəliyev, R.Məmmədov və s. rəssamlar olmuşlar. Ə.Əzimzadənin “Ölülər” (C.Məmmədquluzadə) tragikomediyasına, R.Mustafayevin “Koroğlu” operasına (Ü.Hacıbəyli), “Danabaş kəndinin məktəbi” (C.Məmmədquluzadə), İ.Seyidovanın “Sevilya bərbəri” (C.Rossini), Ə.Almaszadənin “Gülşən” baletinə (S.Hacıbəyov), Ə.Fətəliyevin “Aşıq Qərib” (Z.Hacıbəyov) və “Əsli və Kərəm” (Ü.Hacıbəyli) operalarına, N.Fətullayevin “Vaqif” (S.Vurğun) pyesinə, İ.Axundovun “Hacı Qara” (M.F.Axundzadə) komediyasına verdikləri bədii tərtibatlarda dramaturq və rejissor yozumunun təsirini artıra biləcək bədii-emosional məziyyətlərin qabarıqlığı tamaşaların rəğbət qazanmasını şərtləndirmişdir.
   XX əsrin ikinci yarısında rəngkarlıq və qrafika ilə məşğul olan rəssamların teatr-dekorasiya işlərinə cəlb olunması, tamaşalara yeni və özünəməxsus estetik məziyyətlər bəxş etmişdir. M.Abdullayev, T.Salahov, T.Nərimanbəyov və E.Aslanovun teatr tərtibatları bu baxımdan maraq doğurur. T.Salahovun “Koroğlu” operasına (Ə.Fətəliyevlə müştərək), U.Şekspirin “Hamlet” və “Antoni və Kleopatra”, C.Cabbarlının “Aydın” pyeslərinə verdiyi tərtibatlarda “sərt üslub”un estetikası ilə səsləşən əzəmət və romantikanın tamaşanın emosionallıqla qəbuluna güclü təsiri olub. M.Abdullayev və E.Aslanovun “Leyli və Məcnun” (Ü.Hacıbəyli) operasına çəkdikləri dekorasiyaların isə nakam məhəbbət dastanının lirik-psixoloji məqamlarının tamaşaya duyğulandırıcı tutumda çatdırılmasında əvəzsiz rolu vardı. F.Əmirovun “Nəsimi dastanı” və “1001 gecə”, Q.Qarayevin isə “Yeddi gözəl” baletlərini T.Nərimanbəyovun tərtibatı olmadan təsəvvür etmək sadəcə mümkünsüzdür, desək, yanılmarıq.
   Ötən əsrin 80-ci illərində, eləcə də müstəqillik dövründə bir çox gənclərin - N.Bəykişiyev, E.Məmmədov, Q.Məmmədov, T.Tahirov, S.Haqverdiyeva, E.Sərxanoğlu, N.Səmədova, M.Əliyev, T.Qorçiyev və İ.Məmmədov kimi yaradıcıların respublikanın müxtəlif teatrlarında səhnəyə qoyulan əsərlərin bədii tərtibatlarında iştirakları həmin tamaşaların geniş tamaşaçı rəğbəti qazanmasında rolu böyük olub. Bu tərtibatlarda isə artıq səhnəqrafiyanın ənənə və müasirliyin qovşağını özündə əks etdirən bədii ifadə vasitələrinin tətbiqini görmək mümkündür. 
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru