Avropa İttifaqının (Aİ) “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi artıq ikinci ildir ki, icra olunur. Azərbaycan və İtaliyanın müvafiq nazirlikləri tərəfindən reallaşdırılan layihə ilə bağlı italiyalı mütəxəssislər ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinin inkişafı, mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
Martın 7-də İtaliya Milli Kitabxanasının arxiv və fotoqrafiya şöbəsinin işçisi xanım Paola Puqlisi Tvinninq layihəsi çərçivəsində Azərbaycan Milli Kitabxanasında olub.
Qonaq kitabxananın direktoru Kərim Tahirovla görüşüb.
Kitabxanadan bildirilib ki, görüşün əsas məqsədi kitabxanaların idarə olunması istiqamətinin hüquqi əsaslarını müəyyənləşdirmək olub. Kərim Tahirov qonağı maraqlandıran suallara aydınlıq gətirib.
Sonra xanım P.Puqlisi kitabxananı gəzib, burada quraşdırılan avtomatlaşdırma prosesi və elektron kataloqla tanış olub. Qonağa ölkəmizlə bağlı kitablar hədiyyə edilib.