10 mart Mirzə Fətəli Axundzadənin xatirə günüdür
Yüz əlli ilə yaxındır əsərləri səhnələrdən düşməyən bani dramaturqumuzun “fani” həyat dramlarından...
Şərqin bu böyük mütəfəkkiri ölüm yatağında...
Başına yığılmış “böyük, yaxın, uzaq əşxaslar”dan general Yadigarov:
- Mirzə, Siz nə sayaq dəfn olunmaq istərdiniz?..
- Bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin əziyyətlərindən dirilərin nə sayaq xilas olmalarının mənimçün elə bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi dəfn edə bilərsiniz...
Mütəfəkkir-ədibin həyat dramının bu “son şəkil”i nə? Böyük Oluma “yük” Ölüm?..
Onun əsr yarımdır səhnələrdən düşməyən əsərləri haqda danışmağa hə ehtiyac? Bu əsərlər Mirzə Fətəli Axundzadənin sənətkarlığı haqda necə fikir və qənaətlər yaradırsa, məktubları da onun şəxsi-ictimai həyatı - ali milliliyi, fədakar ziyalılığı, iman və inam sağlamlığı barədə eləcə şəhadət verir.
İş (partiya-sovet “iş”i) elə gətirib ki, “dinsiz” Mirzə Fətəli çarizmdəki “musurman”, sovetizmdəki “ateist” xalqımıza, əsasən, “Kəmalüddövlə məktubları” ilə tanınıb. Özü də, “tərslikdən”, bu böyük sənət nümunəsi o qədər güc-qüdrətli olub ki, onun digər sənəd-məktubları dövrün diqqət kölgəsində qalıb. Elə bu məqam qeyd etməli ki, öz dövrünün bütün “nələr-nəsnələr”indən baxəbər olan bu böyük filosof-ədib, çox ayıq-sayıq Zat əski Türk düşüncəsindəki “Allah və bəndə var - araçı yox” və qeyri-müsəlman bir müdrikin “Əgər Allah olmasaydı da, onu uydurmaq lazım idi” fəlsəfələrindən də xəbərdar idi. Əlavə edək ki, o, kütlələrin Tanrıya tapınmasının araçısız - peyğəmbər-imamlarsız (şagirdin elm-bilik, şəyirdin sənət-peşə öyrənməsi müəllimsiz-ustadsız mümkün olmadığı kimi) hasilə gələn iş olmadığını da bilməmiş deyildi. Bəs nədən bu böyük biləndər dövri olaraq (hətta ölümyatağı vəsiyyətində belə!) “bütün dinləri puç və əfsanə hesab edir”di?
Bu sualı konkret-“resept”ual cavablamaq mümkün olmasa da, ətrafında yarı elmi, yarı helmi gəzişmək mümkün.
Bəli, onun gördüklərilə bildikləri arasında yer-göy (öz düşüncəsinə müvafiq təbircə; “o dünya-bu dünya”) qədər fərqlər vardı. Bu qələm azmanının sözügedən məntiqi nəticələrə gəlməsinin başlıca səbəblərindən biri də, “qılınc müsəlmanı”nın, böyük İslam-inanc mədəniyyətinin əsaslarına deyil, onun təbliğatındakı “bekara”çılıqlara - daim hüznlü dünənə bağlaşıb-ağlaşmaqla, qurucu sabahdan uzaşmalara meyllənməsi idi. Və sizcə də, həmin “puç və əfsanə” doktrinasını, heç vəchlə islah olunmayan əziz-xələf uşağının təlim-tərbiyəsinə hamıdan məsul fədakar bir ananın “gəlsəm, səni tikə-tikə doğrayacağam!” “ultimatum”u kimi də qiymətləndirmək olmazmı?..
Bu milli ədəb-irfani Atanın dinsizliyi də, daha çox, küll-soydaşlarının sabahına məsulluq yanğısından yana imiş; öz kütlə-balasının yüz illərin təziyə “inqə”sindən xilası üçün ürəyində “əstəğfürullah”, dilində “puç və əfsanə”...
Buna “subyektiv” eyhamı ilə yanaşanlar bu məşhur “dinsiz”in o çağ Qafqazının ən əxlaqlı, səviyyəli, milli məfkurəli şeyxləri, axundları, müftilərilə necə yaxın münasibətlərdə olması faktlarını (məsələn, o zaman bu xalqın milli-mənəvi övladı olaraq doğulası “Əkinçi” qəzetinin nəşri məsələsində H.Zərdabiyə Şeyxülislam və Müftinin dəstəyinə də Mirzə Fətəli nail olmuşdu) əks etdirən neçə-neçə tarixi mənbələrlə baş-başa buraxılır...
Böyük ədəbi-ictimai islahatlar müəllifini “puç və əfsanə” leytmotivinə məhkum edən mental-mənəvi səbəbləri bütün əvvəlkilərdən daha aydın və mübahisəsiz bəyanlayan son məktubdakı iki kəlməni ilk yarımbaşlığa çevirirəm: -
“Afərin oxuyaq”...
Ölümündən az əvvəl, “Əkinçi” qəzetində din şəbihçiliyinin qızğın müdafiəçisi kimi çıxış edən bir kapitana yazdığı məktubdakı bu kəlmələr böyük Mirzəmizin islama “leh-əleyh” münasibətlərini xeyli dərəcədə incələmiş olur. Əsl dinsiz bolşevizmin xüsusi vurğu ilə “alovlu ateist” (əslində, islamsız) kimi təqdim etdiyi Mirzə Fətəli həmin məktubunun sonunda toxunacağı vacibatlara əvvəlindəki həqiqətlə ayaq verir, islamın ən universal-ruhsal daşıyıcılarından, xüsusən, öz ideya sarayına çatımı uğrunda hər an ölümə hazır olan İmam Hüseyndən ehtiramla söz açır, o ərəbi türkün ana dilində belə qutlayır: “...Biz gərək öylə cavana afərin oxuyaq və mərdanəliyindən fəxr edək!”
“Afərin oxuyaq”... Bu, hər saat, hər gün eşitdiyimiz “rəhmət” kəlməsindən azmı sevgiylə səslənir? Bəşər imanlı Mirzəmiz doğmalarımız üçün belə söyləyirdi həmin məktubunda: “Əgər biz istəyirik ki, bir günə əməllərlə İmam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, onda gərək onun təziyədarlığından əl çəkib, bu şəbihlərə sərf olunan pullar ilə hər şəhərdə o həzrətin şiələrinin övladlarına təlim-tərbiyə vermək üçün məktəbxanalar açaq və hər məktəbxananın qapısında yazıb yapışdıraq ki, İmam Hüseyn Əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur”.
Nəysə...
İki böyük Olum
Yuxarıda məcazi mənada (və bədbin tonda) işlətdiyim “olum”-“ölüm” kəlmələrini indi tam əks mənalarda təkrarlayıram: biri 1812, o biri 1873 tarixçələrində. Biri Şəkidə, o biri Bakıda. Biri Adəmdən üzübəri növbəti canlı kimi, o biri - böyük Azərbaycan hadisəsi olaraq, bəşər mədəniyyətindən üzübizə. Biri kasıb bir həyət komasında, o biri - o günədək görünməmiş həyat-sənət məkanında - səhnədə. Demək olmaz ki, - əgər birinci Olum olmasaydı, ikinci olmayacaqdı. Yox, olacaqdı. Amma, kim bilir, nə qədər gecikibən. Bu isə, böyük müasir şairimizin möhürlədiyi məsələ; “görüm ayılmasın - gec ayılanlar”...
Yenə nəysə.
Mirzə Fətəli Axundzadə və Azərbaycan Teatrı!
Hər il doğum gününü qutlayıb, ölüm gününü andığımız milli Müəllifimiz və hər il yaranış gününü bayramlayıb, əbədiyaşarlığına inandığımız milli Teatrımız...
Bunlar ovaxtlaradək yalnız həyət-baca, çöl-bayır səhnələrində oynadılan, “əməkçi insan surəti” kimi “aforizm”lərlə öyülüb, “vraqnarod” kimi “afirist”liklərlə döyülən bu xalqı bir qurşaqlıq ucalığa - teatr səhnəsinə qaldırdılar.
Birinci Olumçunun imzası sonraların neçə-neçə yeni olumlarında da göründü. Bu imzalar milli hədəfləri axtarıb-arama, ümumxalq işığını yandırma eşqilə atılırdı. Böyük islahatçı-ədib əlifba dəyişiminə dair fikirlərini başqalarıyla bölüşmə cəhdlərilə bağlı məktublarında da məqsəd-məramının daha geniş arealda yayımı üçün ciddi və orijinal metodlara səy edirdi. O, iranlı Mirzə Yusif xana yazırdı: “Ruhulqüdsün əlifbanı dəyişdirməyin lazım olmasına dair yazdığı kitabçasını münasib gördüyünüz və mümkün saydığınız hər kəsə verin, oxusun. Kitabçanın məzmunu və əqidəsi haqda oxucuların fikrini zəhmət çəkib bizim üçün yazın ki, mənim və cənab Şeyxülislamın arasında müzakirə vasitəsi olsun”.
Ədibin başqa bir məktubu isə, bəlkə də bir “institut işi”: “Cənab Şeyxülislamla birgə xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni sait və samit hərflərin şəkillərini - çap nüsxəsi olarsa, çap olunmuş halda, olmazsa, qələmlə yazılmış halda - çox zəhmətə səbəb olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb bizə göndərəsiniz ki, nəzərdən keçirə bilək”.
Böyük mütəfəkkirin “Kəmalüddövlə məktubları”ndakı (daha çox rasional, bəzən irrasional) fikirləri, düşüncələri ovaxtdan-buvaxta ədəbiyyatşünas alimlərin, ədəbi publisistikanın əbədi tədqiqat mövzusu olaraq qalmaqda. “Yazışma ədəbiyyatı”nın şah nümunəsi hesab ediləsi bu əsərlə digər məktublarının məcmusu Mirzə Fətəlinin yaşadığı milli ömür-həyat nəbzini də sərgiləməkdə...
Allah rəhmət eləsin...
Tahir Abbaslı