Sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva bildirir ki, tarixi geyimi və milli geyimi bir-birindən fərqləndirmək lazımdır
   
   Sənətşünaslıq üzrə elmlər doktoru, professor Səbirə Dünyamalıyeva 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində oxuyub. 1992-ci ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq kafedrasının dosentidir. 2011-ci ildə sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
   Sənətşünaslıq kafedrası üzrə bakalavr və magistr pillələrində “Maddi mədəniyyət, geyim və məişət tarixi”, “İncəsənət əsərlərinin material və bərpa metodları”, “Təsviri sənət əsərlərinin material və texnologiyası”, “İxtisas üzrə incəsənət tarixi”, “Ornament tarixi” fənlərini, memarlıq kafedrası üzrə “Memarlıq və incəsənət tarixi”, “Memarlıq və incəsənətin sintezi”, “Memarlıq tipologiyası”, “Kompüter modelləşməsi”, “Elmdə və təhsildə kompüter texnologiyası”, “Kompüter qrafikası”, habelə Azərbaycan Turizm və Menecment Universitetində “Kulturologiya”, “Azərbaycan incəsənət tarixi” və s. fənləri tədris edib. Ölkəmizdə və xaricdə nəşr olunmuş 60-dan çox elmi məqalə və metodik vəsaitin, eləcə də dərslik və monoqrafiyanın müəllifidir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
   S.Dünyamalıyeva ən qədim zamanlardan XX yüzilin başlanğıcına kimi Azərbaycan geyim mədəniyyətinin tarixini araşdırıb. Eləcə də dünya xalqlarında bu geyimlərin qarşılaşdırmalı təhlilini aparıb. Həmsöhbətim deyir ki, çağımızda geyim mədəniyyətimizə çoxlu yad ünsürlər daxil olur. Adını “milli geyim” qoyub yeni geyimlər ortaya çıxarırlar: “Əslində, milli geyim başqa şeydir. Azərbaycan türklərinin milli geyimi olub. Onların standartlarını muzeylərimizdə apardığım araşdırmalar əsasında öyrənmişəm. Bütöv, tarixi Azərbaycanın geyim mədəniyyətini araşdırmışam. Azərbaycanda milli geyim ənənəsi XX yüzilin başlanğıcında sona çatıb. Sosialist inqilabından sonra yeni, çağdaş geyimə keçilib. “Moda tarixi və dünya xalqlarının ənənəvi geyimləri” adlı dərsliyimdə bir çox xalqların geyimlərini araşdırmışam. Əslində, demək olaraq ki, bütün xalqlarda milli geyim ənənəsi XIX yüzildə başa çatıb. Sonra yeni həyat tərzi ilə bağlı olaraq qıvraq geyimlər ortaya çıxıb. Ona görə də indi həmin ənənəyə qayıtmaq çətindir, amma gələnəyi qorumaq borcumuzdur”. 
   Səbirə xanım eyni zamanda Azərbaycanın tarixi geyimləri ilə bağlı ABŞ, Britaniya, Ukrayna, Hindistan, Rusiya, Türkiyə və başqa ölkələrdə təqdim olunmuş onlarla stendin və fərdi sərginin müəllifidir. «Azərbaycanın tarixi geyimlərindən istifadə etməklə hazırlanmış müasir geyimlər» silsiləsindən özünün və rəhbərlik etdiyi tələbələrin hazırladığı modellər festival və moda nümayişlərində uğurla sərgilənərək mükafatlara layiq görülüb.
   Mütəxəssis bildirir ki, orta çağlarda bütün xalqlarda milli yox, tarixi geyim olub. Milli geyim tarixi geyim üzərində yaranıb. Bəs tarixi geyim nədir: “Tarixi geyimi eyni ərazidə yaşayan bütün xalqlar geyinə bilərdilər. Milli geyimi isə yalnız bir xalq geyinirdi. Bir millət başqa bir millətin geyimini istifadə etmirdi. Daha sonra bizdə milli geyimlər bölgələşdi, yəni hər bölgənin öz geyimi oldu. Azərbaycanda hər bölgə öz geyimi ilə seçilirdi, biri başqasının geyimini geyinmirdi. Bu fərqlər də standartlaşdırılıb. Bunlara kimsə hansısa əlavə edə bilməz. Məsələn, nəbati naxışlı xalçanı həndəsi elementli bir xalçaya qatmaq olmaz. Qatılsa, standart pozulacaq”. 
   S.Dünyamalıyeva təəssüflə qeyd edir ki, çoxları indi milli geyim adıyla öz bildiyi geyimləri tikib satır, pul qazanır. O, bu sahədə böyük boşluq olduğunu vurğulayır: “50 ildən sonra hansısa alim həmin geyimi milli geyim adıyla tədqiq edəcək. Milli geyimə oxşar geyimlərin öz adı olmalıdır. Ən acınacaqlı gerçəklik odur ki, Dövlət Rəssamlıq Akademiyasında “Azərbaycan milli geyimlərinin tarixi” fənni tədris olunmur. Biz burada dünya moda tarixindən dərs deyirik, Azərbaycan geyim modası tarixinisə öyrətmirik. Əgər rəssam bunu bilmirsə, o milli geyimin təəssübünü necə çəkə bilər”. 
   Səbirə xanım kitablarını vərəqləyərək tarixi, milli Azərbaycan geyimlərini bir-bir göstərir. Tarixən Azərbaycanda 15 növ geyim dəbi olub. Sənətşünas Güney Azərbaycan geyimlərini də iki il öncə gücü yetən qədər öyrənib, Təbriz, Ərdəbil, Sərab şəhərlərindəki geyim mədəniyyətini araşdırıb. Deyir ki, bölgədə fərqli geyimlər çoxdur: “Təbrizin geyimlərini bərpa etmişik. Orada aydınlarla görüşdüm, geyimlərlə bağlı çoxlu qaynaqlara baş vurdum. Etnoqrafiyanı araşdırmaq üçün xalqla təmasda olmaq gərəkdir. Təbriz geyimləri Naxçıvan və İrəvan milli geyimləri ilə 80 faiz eynidir. Elsevərlər (şahsevənlər), qaşqaylar milli geyimlərini gözəl qoruyub saxlayıblar”. 
   S.Dünyamalıyeva bildirir ki, Azərbaycan milli geyimlərində ən yayğın simvollardan biri də şanagüllədir (lotos). Onu Qarabağ bölgəsinin bütün geyimlərində görmək olur. Dünya xalqlarının geyimlərində də şanagüllə simvolu var.
   Mütəxəssis düşünür ki, mədəniyyətimizi yad təsirlərdən qorumaq üçün ciddi, təsirli addımlar atılmalıdır. Məsələn, milli paltar tikirlər, üzərinə butaları başı aşağı vururlar. Onun sözlərinə görə, butanın başı yuxarı olmalıdır. Bunun mənası birlik, barış deməkdir. 
   
   S.Qaliboğlu