Tədbirdə ölkəmiz də təmsil olunacaq
   
   Martın 13-dən 18-dək Almatıda M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi “Teatr baharı - 2017” festivalı keçiriləcək.
   Ölkəmizi bu tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov təmsil edəcək. Festival çərçivəsində V.Qafarov ustad dərsləri keçməklə yanaşı, “Aktyor sənəti - postdramatik teatrdan əvvəl və sonra” mövzusunda məruzə ilə çıxış edəcək.
   Qeyd edək ki, 1995-ci ildən etibarən davamlı şəkildə reallaşan festival hər il teatrın görkəmli aktyorlarından birinin xatirəsinə həsr olunur. SSRİ Xalq artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən builki festival çərçivəsində “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulur.