Martın 16-da məktəblilərin növbəti tur-aksiyası başlanır
   
   Artıq dördüncü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında müxtəlif bölgələrimizə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
   Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, respublikamızın dinamik sosial-iqtisadi inkişafı, abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
   Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 6 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 10255 nəfər iştirak edib.
   Bu il martın 16-19 və 23-26 tarixini əhatə edəcək növbəti - 7-ci tur-aksiyada isə 6 istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından 3393 nəfər iştirak edəcək. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 14 minə yaxın olacaq.