Martın 13-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində İftixar Piriyevin «Qanlı qızıl toy» tamaşasının premyerasını təqdim etdi. Xalq artisti Rafael Dadaşovun 70 illik yubileyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru da elə aktyorun özüdür.
İkihissəli el faciəsi kimi təqdim edilən «Qanlı qızıl toy»da hadisələr 1992-ci il mayın 7-də Şuşada, şəhərin işğalından bir gün öncə baş verir. Berlin qəhrəmanı qoca Osman (Rafael Dadaşov) Şuşanı tərk etmək istəmir. Əlli il böyük məhəbbətlə sevdiyi arvadı Süsən (Esmiralda Şahbazova) ilə ömrünü doğma şəhərində başa vurmaqda israrlıdır. Onu dilə tutmağa çalışan əsgər (Rövşən Cəfərov) də, milliyyətcə erməni olan, sevgisinin xatirinə Susanna adını dəyişib Süsən olan arvadı da, hətta Böyük Vətən müharibəsi zamanı xilas etdiyi, lakin indi ona silah çəkən Çapıqlı erməni (Vaqif Kərimov) də, Qonşusu (Sevinc Hüseynova) da onu fikrindən daşındıra bilmir.
Ömrünün son və yarıməsrlik evliliyin son günündə Osman 1945-ci ilin mayında Berlində rastlaşdığı bir hadisəni arvadına nəql edir. Gənc sovet döyüşçüsü Osman (Natiq Həziyev) Berlində gördüyü qoca cütlüyün hətta dünyanın dağıldığı bir gündə sevgisini, insanpərvərliyini yada salır. Yarırus-yarıalman olan Suzanna adlı qadının əri Hans ilə tanışlığı, qadının əslən Bakıdan olması, Azərbaycan barədə, uşaq vaxtı istirahət etdiyi Şuşa ilə bağlı xatirələri, qəfil bu evə gələn küçə musiqiçisi Henrixin (Əhliman Ərşadlı) Baxın «Bayatı-Şiraz» ladında əsərini çalmasını, Suzannanın bu əsərin qaynağına aydınlıq gətirməsini yada salır.
«Qanlı qızıl toy» bütün savaşlarda İnsan amilinin qabardılmasının vacibliyini göstərir, azərbaycanlıların xislətindəki mərhəmət hissini qoca Osmanın simasında göstərir. Pyesin mətnində bir qədər mübahisəli məqamlar olsa da, hadisələrin məntiqi ardıcıllıqla inkişafı, insanlıq hissinin, qarşılıqlı sevgisinin əbədiliyinin inandırıcı tərzdə çatdırılması səhnə əsərinin yaddaqalan olacağına ümid verir.
G.Mirməmməd