Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq artisti Ramiz Novruzun iştirakı ilə Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi və ya sən həmişə mənimləsən” əsərinin tamaşası olub. Tamaşadan əvvəl təşkil edilən tədbirdə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov milli teatrımızın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, Milli teatr günü münasibətilə təbriklərini çatdırıb.
Sonra tamaşa təqdim olunub.
Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətin quruluş verdiyi tamaşada baş rolları Xalq artisti Ramiz Novruz (Həsənzadə) və Əməkdar artist Məsmə Aslanqızı (Nargilə) oynayıb. Digər rolları əməkdar artistlər Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva ifa ediblər.