Martın 10-da Üzeyir Hacıbəylinin ev-muzeyində muzeyin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən “Arşın mal alan” -100” adlı kitab-kataloqun təqdimatı oldu.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Arşın mal alan” operettasının 100 illik tarixini əks etdirən bu kataloqun bütövlükdə musiqisevərlər, xüsusilə Üzeyir Hacıbəyli yaradıcılığı ilə maraqlananlar üçün nəzərdə tutulduğunu bildirdi. Qeyd etdi ki, kitabda ölməz əsərin yazılması ilə bağlı Üzeyir Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb: “Nəşrdə əsasən Ü.Hacıbəylinin ev-muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub. Üç yarımbaşlıqla tərtib olunan kitab-kataloq “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunub. Əminik ki, kitab - kataloq oxucuda əsərin 100 illik tarixi barədə geniş və maraqlı təsəvvür yaradacaq”.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, əməkdar incəsənət xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva, Hafiz Quliyev, Əməkdar jurnalist İttifaq Mirzəbəyli çıxışlarında Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Üzeyir Hacıbəylinin milli, eyni zamanda yaradıcılığı ilə gələcəyə yollar açan novator sənətkar olduğu diqqətə çatdırıldı. Qeyd edildi ki, dahi bəstəkarın hər bir əsəri mədəni həyatımızın hadisəsinə, bayramına çevrilib.
Tədbirdə muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcova Beynəlxalq Eko-Energetika Akademiyasının prezidenti Fəqan Əliyev tərəfindən qurumun fəxri professoru diplomu təqdim edildi.
Çıxışlardan sonra Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından səhnəcik və rəngarəng musiqi nömrələri təqdim edildi.
Savalan Fərəcov