Bu yaxınlarda dünya kinosunun canlı klassiki, fransız “Yeni dalğa”sının ən görkəmli nümayəndələrindən biri Jan Lyuk Qodarın 68 yaşı tamam oldu.    
   
   1950-1960-cı illərdə meydana gəlmiş «Yeni dalğa» cərəyanı gənc rejissorların yaşlı nəslin rejissorlarına qarşı etirazının nəticəsi idi. Gənc rejissorlar ilk növbədə fransız kinosunda etik və estetik ənənələrin diktaturasına etiraz edirdilər. Onlar fransız kino sistemini, yaşlı nəsil rejissorları burjua dəyərlərinə önəm verdiklərinə görə pisləyir, reallıqdan uzaq kommersiya filmlərini rədd edir, eksperimentlərə əl atır, o dövr üçün radikal görünəcək üsulları kinoya gətirir, insanı robota çevirən cəmiyyətə, sosial normalara qarşı çıxırdılar. Hər şeydən əvvəl isə rejissorun fərdiliyinin və özünəməxsus üslubunun tərəfdarı idilər. Qodardan başqa bu cərəyanın digər tanınmış nümayəndələri sırasında Alen Rene («Mənim sevgim Xirosima»), Fransua Trüffo («400 zərbə»), Klod Şabrol («Yaraşıqlı Serj») da vardı.
   Qodarın 1959-cu ildə ekranlaşdırdığı “Son nəfəsdə” filmi də özünəməxsus üslubu, fərqli kino dili, yeni montaj üsulu ilə o vaxtadək fransız kinosunda qəbul olunmuş basmaqəlib quruluşlardan kəskin seçilirdi. Rejissor həmin filmədək kinoda qısametrajlı filmlərlə debüt etmişdi. Rejissorun qanunu pozan bir gəncin melodramatik-kriminal motivlərə söykənən əhvalatından bəhs edən filmdə təbii şəhər səs-küyünün bolluğu təkcə sənədlilik təəssüratı yox, eyni zamanda itirilmiş nəslin ruhi-psixoloji portretini yaratmışdı.
   Onun bir il sonra çəkdiyi “Kiçik əsgər” filmi militarizmin şəxsiyyəti necə məhv etməsini göstərirdi. Film senzuraya məruz qaldı və yalnız 3 ildən sonra prokata çıxarıldı.
   Rejissorun “Öz həyatını yaşamaq” dramı cəmiyyətdəki sosial psixoloji problemləri araşdırır. “Alfavil” fantastik antiutopik filmi isə totalitarizmi və texnokratiyanı ifşa edir.
   1968-ci ildə Fransadakı tələbə iğtişaşlarında fəal iştirak edən Qodar sol təmayüllü hərəkatın ideya liderlərindən biri olur. Bu arada rejissor təbliğat xarakterli filmlər (“Vladimir və Roza”, Şərqdən əsən külək”) çəkir.
   “Yeni dalğa”nın digər rejissorları kimi, Qodarın yaradıcılığında da üsyan edən gənclik əsas yer tuturdu. Gəncliyin problemləri sosial, siyasi, fəlsəfi planlarda göstərilirdi. Təsadüfi deyil ki, tənqidçi Jan Kolle onun haqqında “Qodar kinonun Dekartıdır. O, kamera vasitəsilə birbaşa özünü ifadə edən ilk filosofdur” deyirdi.
   Sonralar “art house” filmlərinə qayıdan Qodar “Ehtiras”, “Adı Karmendir” kimi əhəmiyyətli ekran əsərlərini lentə alır. 1996-cı ildə ekranlaşdırdığı “Motsart əbədilikdir” filmində rejissor ona doğma olan mövzudan - sənət və sənətkarın qarşılıqlı münasibətindən bəhs edir.
   Sonralar bir neçə müştərək kinolayihələrə qatılan rejissorun hələ ki son filmi - 2010-cu ildə Kann festivalı çərçivəsində premyerası baş tutan “Sosializm” dramıdır. Qodar bu filmdə də müasir dünyamızda münaqişələrə səbəb olan ideoloji, siyasi, sosial məsələlərə toxunub.
   Qodarı tez-tez antisemitizmdə günahlandırırlar. Holokostu inkar edən rejissor mühazirələrindən birində ailəsinin həmişə nasistlərə rəğbət bəslədiyini deyib. O İsraili Yaxın Şərqin bədxassəli şişi adlandıraraq açıq şəkildə fələstinli terrorçuları dəstəkləyib.
   Qodarın kino sənəti ilə bağlı bəzi fikirləri də maraq doğurur:
   “Film çəkmək - üç əməliyyatın birləşməsidir: düşünmək, çəkmək, montaj etmək”.
   “Məhz kino mənə həyatı öyrətdi, əslində bu 30 il çəkdi, çünki ekrana gətirdiyim məsələlərlə məşğul olmaq lazım idi”.
   “Kino görmədiyin insanlarla ünsiyyətə ehtiyacdır”.
   “Mənə elə gəlir ki, mən zəif, iradəsiz və nifrət ediləsi adamam. Çünki həyatda cəsarətim çatmayan şeyləri kinoda edirəm”.
   
   Sevda Əliəşrəfqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar