Milli teatr günü münasibətilə Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib. Teatrın direktoru Tofiq Heydərov Azərbaycanda milli teatrın yaranma tarixi, Lənkəranda teatr kollektivinin inkişaf yolu, yaradıcılıq planları barədə ətraflı məlumat verib. Direktor kollektivin aprel ayında Qazaxıstanın Aktau şəhərinə qastrola gedəcəyini bildirərək bununla bağlı hazırlıq işlərindən, bugünlərdə Aktauya səfərindən söz açıb.
O, həmçinin truppanın iyul ayında İranın paytaxtı Tehranda keçiriləcək beynəlxalq “Adət və ənənə” festivalına dəvət olunduğunu deyib.
Tədbirdən sonra Ələsgər Qurbanovun “Ceyranın ad günü” tamaşası göstərilib. Əsasən məktəbyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Sucəddin Mirzəyev, Niftulla Əsgərov, Qızılgül Quliyeva və başqaları ifa ediblər.