IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı informasiya görüşü keçirilib
Parisdə, UNESCO-nun baş qərargahında mayın 5-6-da Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı informasiya görüşü təşkil edilib.
Görüşü UNESCO baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında 2011-ci ildən keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoq platformasına çevrilməsindən danışıb. Mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”ndən söz açan E.Falt ötən forumların 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdiyini deyib. Vurğulanıb ki, əsası 2008-ci ildə qoyulan “Bakı prosesi”nin əsas məqsədi siyasi, mədəni və dini sahədə müxtəlif faktorlar arasında əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. E.Falt UNESCO-nun forumda müzakirələr üçün miqrasiya, qaçqınlar, gənclərin radikallaşması kimi 11 mövzu təklif etdiyini bildirib. O, UNESCO-nun baş direktoru İrina Bokovanın foruma dəstəyindən söz açaraq deyib ki, forum çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin üçüncü toplantısı, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din və inanc, turizm, təhsil və s. mövzularda plenar və panel sessiyalar keçiriləcək.
“Bakı prosesi” haqqında geniş məlumat verən Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov artıq dördüncü dəfə keçiriləcək Dialoq Forumunun ölkəmizdə multikulturalizmin inkişafını təşviq etdiyini söyləyib. O, ölkəmizdə hökm sürən tolerantlıq, din və etniklərarası münasibətlərə toxunub, müxtəlif dinlərin nümayəndələrinin dini bayramları birgə qeyd etdiklərini, müxtəlif etnik qrupların mehriban ailə kimi yaşadıqlarını diqqətə çatdırıb.
A.Kərimov Avropa və müsəlman ölkələrinin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilən toplantısından söz açıb. O, “Bakı prosesi”nin həm mədəniyyətlərarası dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platforma olduğunu qeyd edib. Bildirib ki, Dünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü olmaqla dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır. O, iştirakçıları IV Foruma dəvət edib.
UNESCO-nun sosial transformasiya və mədəniyyətlərarası dialoq bölməsinin direktoru Dendev Badarç forumun təşkilində təmsil etdiyi qurumun iştirakından, işçi qrupunun ötən ilin dekabrında keçirilən toplantısından, forumun proqramından, “Bakı prosesi”nin beş prioritet sahəsindən danışıb.
Ölkəmizlə bağlı videoçarx təqdim edildikdən sonra Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə forumda müzakirə olunacaq mövzular barədə ətraflı məlumat verib.
Görüşdən sonra Dendev Badarç müsahibəsində qeyd edib ki, UNESCO “Bakı prosesi” başladığı andan bu prosesin ayrılmaz hissəsi olub: “Ümid edirik ki, dördüncü forumda da təşkilatımız ən yüksək səviyyədə təmsil ediləcək. Mütəxəssislərimiz 10-dan artıq panel müzakirəsində iştiraklarını təsdiqləyiblər. İki fərqli - UNESCO və İpək Yolu regionu platformasında müzakirələrə qatılacağıq. Dördüncü forumun müzakirə olunacaq mövzular baxımından zəngin keçəcəyini artıq indidən söyləmək olar. Əvvəlki digər üç forumda olduğu kimi, bu dəfə də mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət edəcək yeni məhsuldar ideyaların ortaya çıxacağına inanırıq. Forumda bir sıra konkret layihələr təqdim etməyə hazırlaşırıq”.