AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Hüseyn Cavid və Naxçıvan teatrı” monoqrafiyası çapdan çıxıb.
Kitabda görkəmli şair-dramaturq Hüseyn Cavidin ömür və sənət yolunun Naxçıvanla bağlı məqamları barədə müfəssəl məlumat verilir. Ədibin dram əsərlərinin səhnə taleyinə ümumi nəzər salınır. Bu kontekstdə Cavid pyeslərinin Naxçıvan teatrının repertuarının zənginləşməsində yeri, tamaşalarda rejissor, aktyor, bədii tərtibat işinin təşkili məsələləri araşdırılır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının nəzdində “Cavid poeziya teatrı”nın yaradılması və fəaliyyəti də kitabda geniş təhlil edilir.
Naxçıvandakı “Əcəmi” nəşriyyatında işıq üzü görən monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, muxtar respublikanın Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov və “Mədəniyyət” qəzetinin əməkdaşı Fariz Yunislidir.
F.Hüseynov