Martın 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində gənc rəssam Orxan Hüseynovun “Əziz sevgilim” adlı fərdi sərgisi açılıb.
Rəssam “YARAT” tərəfindən sifariş olunan üç yeni irihəcmli əsəri barədə məlumat verib. Qeyd edib ki, bu əsərlər gündəlik həyatımızın, söhbətlərimizin əsas mövzusu və məlumat toplama prosesinin bir hissəsinə çevrilmiş alternativ reallıqlara və uydurma hekayələrə tamaşaçının diqqətini cəlb edir. Bu hekayələrin əksəriyyəti xəbər saytları, e-poçt, sosial şəbəkələr və s. vasitələrlə yayılır.
“Əziz sevgilim” əsəri diqqəti Orxan Hüseynovun 2016-cı il ərzində aldığı sayı-hesabı bilinməyən fırıldaq e-məktublar kolleksiyasına cəlb edir. Bu məktublar, mahiyyət baxımından bir-birinə çox bənzəyir və onların başlıca məqsədi, məktubu qəbul edənin şəxsi məlumatlarını ələ keçirməkdir. Rəssam bu spam məktubları qruplaşdırmağı və kitab formasında dərc etməyi qərara alıb. O, sənədli film və fantastika janrlarının harmonik optimal uyğunluğunu tapan vizual dildən istifadə etməklə, bu hekayələrin “etibarlığını” söz yaradıcılığından daha üstün formada təqdim edir.
Sərginin ikinci əsəri - “Qlobal istiləşmə” adlanır və ötən əsrin 90-cı illərinin Meksika teleseriallarını, Azərbaycanda, eləcə də dünyanın bir çox populyar televiziya təcrübəsində geniş yayılmış televiziya verilişləri tipini başqa formaya salır. O.Hüseynov dialoqları ispan dilində olan səslənməni Azərbaycan dilinə yenidən dublyaj edərək, şəxsən tərtib etdiyi yeni mətn ilə əvəzləyib. Nəticədə ortaya çıxan əsər sürrealistik görünür.
Sərginin “Kolorado böcəyi” adlı sonuncu əsərinin təqdimatında ənənəvi Azərbaycan restoran musiqiçilərindən ibarət qrup O.Hüseynovun sözlərinə yazılan 4 mahnını ifa edib. Bu əsər də özündə ənənəvi musiqi kompozisiyalarında yeni yazılmış mahnı mətnlərini birləşdirir.
Sərgi iyunun 4-dək davam edəcək.