Azərbaycan Milli İncəsənət Muzeyində 10-12 mart tarixində Əsli Səmədovanın müəllifi olduğu "Milli irsimiz" layihəsi üzrə növbəti "Ailə festivalı” keçirilib.
İkinci dəfə reallaşan tədbir muzey məfhumunun sərhədlərini genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı məkana çevirmək məqsədi daşıyır. Festivalın ikinci tədbirinə Xalq rəssamı Arif Hüseynov, nağıl müəllifləri Kamran Əlioğlu və Fərid Qorxmazoğlu, Fəridə Mustafayeva, Oksana Sergeyeva, rəssam Aydan Məmmədova dəvət olunub. Tədbirdə “Çələbi brendi”, “Rəsm” zərgərlik brendi, “Kilimçi” klubu, “Sevimli bala” uşaq klubu, “Family-Tram” portalı iştirak edib.
Muzeyin Elmi-kütləvi işlər şöbəsinin bələdçiləri tərəfindən muzey kolleksiyası barədə kiçik interaktiv ekskursiyalar təşkil olunub. Proqram çərçivəsində muzeyin daimi sərgisi - “Azərbaycan incəsənəti minilliklər boyu” üzərində qurulmuş və Nyu-York Müasir İncəsənət Muzeyinin əməkdaşlarının dəstəyi ilə yaradılan “Rəsmə çevril”, “Xatırlayıram-xatırlamıram”, “Ov-foto”, “Fərqi tap” kimi oyunlar keçirilib, ustad dərsləri təşkil edilib.