Qədimdən qədim aşıq poeziyamızın həmişəuca “Qoca Qartal”ı…
“Tovuz”... Tələffüzü də şirin səslənən bir elat...
Bu rayonun aşıq ədəbiyyatımıza ünlü adlar vermiş şipşirin sədalı Azaflı kəndi...
Və bu yurdun dadlı istedad və qanlı millət oğlu, yüzlərlə “yad” obyektlərlə bahəm “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı müxəmməsi” və s. başlıqlarla vəsfkarı Mikayıl Azaflı...
“Azaflı” toponim-toplumlarının Türk dünyasının digər areallarında da (o cümlədən Türkiyənin Adana vilayətində) olması faktları var... lakin onların ən məşhurlarından olan bu yazı qəhrəmanımız -
Daha canlı, daha real fakt...
İki yaşındaykən atadan yetim qalmış Mikayılın təlim-tərbiyəsilə əmisi - “obanın ən saz sazçalanı” Həsən məşğul olub. Ondakı saz-söz sevgisi də elə əmisindən, ustadlığı isə adları mahala sığmayan Aşıq Əsəd və Aşıq Yusifdən gəlib.
Bəs, bu el aşığının siyasi sel axarına - dissidentliyə (!) gedən milli vətənpərvərliyi kimdən gəlib? Deyəsən, yalnız özündən. Nədən ki, onun orta məktəb illərində o obada nə bu qəbil canlı nümayəndə varmış, nə də onun hələ siyasi ədəbiyyat oxuyan vaxtlarıymış. Amma onun genindəki hansı milli özgürlük damarıysa hələ yeddinci sinifdəykən dəbərir və “millət atası” Stalinin şəkli üstünə mürəkkəb dağıdır. Bu “qlobal” hadisə onun adını “partiya və hökumət”in həmin mürəkkəbdən də qara siyahısına salır və bu “şansız” (o dövr nostaljili müəlliflərin təbiriycə “şanssız”) pioner bir müddət qaçaq həyatı yaşamalı olur.
Bu müvəqqəti qaçaqlıq onda şəxsi ağrı-acılardan çox, milli anlaq duyğuları oyadır. Camaatı bəzi şeylərdən xəbərdar etmək həvəsinə düşür və bunun “ən az-ən saz” şəklini şeirdə görür. “Çoşqun” təxəllüsü ilə şeirlər yazmağa başlayır. Bir müddət sonra “Əzablı”ya və nəhayət, “Azaflı”ya keçir.
Əsgərliyi müharibə illərinə düşən (1941-1945), dava bitdikdən sonra “sənəd-sünəd qarışıqlığı” səbəbindən “pantürkist” damğası ilə (sübuta yetirə bilməsələr də) həbsə alınıb “Sibir-sürgün” edilən Mikayılın daha qara günləri başlayır. Bütün qapılar (dədə-baba öyündəki “cır-cır”dan savay) üzünə bağlanır. Hər vasitəylə onu ləkələmək və yenidən həbs etmək istəyirlər. Amma bəs nə, sayaq? Dilemmalar yaranır; “bəs el-oba rəyi”, “bol məhsul yorğunluğunu onun saz-sözüylə çıxaran camaat”?.. Şəxsiyyətinə hörmətin bu qədər artdığı, apardığı toyların ardı-arası kəsilmədiyi bir dövrdə onu nə adla aradan götürməli?..”
Nəhayət, ovaxtkı obrazla desək, “nailiyyət əldə edilir”. Bu, Ustadın sənətkar qızının dilindən nəql edilir:
“Atamın dövrdən, quruluşdan narazılıq bildirdiyi şeirləri çox idi. Belə şeirlər çoxlarına, əlbəttə ki, xoş gəlmirmiş və onu yenidən həbs etdirmək üçün hiylə qururlar. Toya gedəcəyi evdən “makentoş” palto oğurlayıb, atama satırlar. O da həmin paltonu geyib gedir toya. Toy sahibi paltonu tanıyır...
Sonra evimizi axtardılar, atamın dədə-babadanqalma silahını tapıb, yenidən həbs etdilər. Oğurluq faktı, təbii ki, sübut olunmayıb, silah isə...
Atamı öz qohumlarının əlilə ilişdiriblər. 1961-ci ildən 1965-ci ilə qədər həbsdə yatıb. Bununla bağlı bir şeiri də var:
Özümün əllərim döydü özümü,
Çığnadı qəlbimi, tökdü gözümü,
Ellər, deyəmmədim doğru sözümü,
Az qanan qocaltdı, mən qocalmazdım...
Tək elə şeirlərilə yox, vaxt-bivaxt eşitdiyi söhbətlərilə də ədalətli dünya, cəmiyyət sevdalısı olmuş atam ölər günülərinədək Sovet quruluşu ilə barışmaz oldu. Heç bir dövlətdən asılı olmayan, müstəqil, bütöv Azərbaycan arzusunda idi. Söz düşəndə “qurd ağacı içindən yediyi kimi, bu quruluş da öz içindən dağılacaq” kimi fikirlər işlədən ayıq-sayıq babacığım bu məzmunlu axırıncı sözü 1990-cı il hadisələrində dedi: “Mən bu mənfurun belə olacağını bilirdim...”
Son günləri 20 Yanvar hadisələri dövrünə düşən və çox gərginlik keçirən aşıq infarkt keçirir. Uzun müddət xəstəxanada yatır. Qızına “qələm-kağız götür, bu dünyaya son bəndlərimi sən yaz” deyir:
Eşidin ey dünya, eşidin ellər!
Azərin ürəyi qana dönübdür.
Zəmidə sünbüllər, bağçada güllər,
Xalqımın çörəyi qana dönübdür.
“Aşıq gördüyünü çağırar” deyirlər. Azaflı da, bu zərb-məsəldəki kimi - yalnız görüb-götürdüyünü qaytararmış xalqa. Əlbəttə, sehr-sehr sözlər, bağrı-badaş qafiyələrlə:
Mən dustağa bir xəbər ver,
Açılıbmı yaz, ay bülbül?
Dərdim çoxdu, sənə deyim,
Qələm götür, yaz, ay bülbül...
Onun qələm qənimətlərindən heç biri, bəzi yazarların “qoy durum birini də yazım” “silsilə”sinə bənzəmir. Bütün şeirləri hansısa hadisəyə, himini fərdilikdən götürsə də, yönü ictimailiyə işləyən duyğulara gedir. “Ağarmayın, ay saçlarım, amandır” şeirində də eləcəlik. Sən demə, bu əzabkeş aşığın saçları zindanda olarkən bir gecənin içində ağarıbmış. Bərbərxanada üzünü təraş etdirməkçün ayna qarşısına keçir və... gözlərinə inanmır.
Bu an mən də bir yazı inanmazlığı edərək, haqqında danışdığım həmin şeirin əvəzinə, onun o dövr üçün “ağeləmə” kimi səslənən bir şeirindən bir bəndi təqdim edim:
Azaflı nə desin belə dünyaya,
Olubdur qanunlar tələ dünyaya.
Tarix söyləyir ki, hələ dünyaya
Bir doğru ədalət, divan gəlməyib.
Bəs onun özü haqda -
Nələr söylənib, nələr edilib?
Bəli, məlum siyasi zəmanə bu azman sənətkarı çox döysə də, qaynar təbinə, bənzərsiz ilhamına görə öymə məcburiyyətində də qalıb. Başını SSRİ başına qoşmaq istəyən Azərbaycan SSR müdiriyyəti onu dəfələrlə Moskva törənlərinə aparmalı olub. Məlum Azadlıq fütuhatlarından və milli istiqlalımızdan sonra isə, təbii ki:
- qurultay və digər tədbirlərdə bu böyük sənətkara ehtiramla söz, çıxış imkanı yaradılıb, Filarmoniyada, Yazıçılar Birliyində təntənəli yubiley törənləri, xatirə-anımları keçirilib, Novruz bayramı şənliklərində milli müdrikimiz Dədə Qorqud obrazını canlandırmaq həvalə olunub, 1989-cu ilin mayında, ədəbiyyat və incəsənətimizin inkişafında xidmətlərinə görə, “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb, bir neçə kitabı (başda “Zindan şeirləri” olmaqla!) nəşr edilib, ölümündən sonra adı Tovuz şəhərindəki küçələrdən birinə verilib, Azaflı kənd orta məktəbi önündə büstü qoyulub və s.
İndi də sözlərdən.
Professor Mahmud Allahmanlı: “Azaflı Mikayıl düz 50 il Tovuz aşıq məktəbinə hökmranlıq etdi. Hələ sağlığında ikən əfsanələşmiş bu azmanın şeirləri tikanlı sərhəd məftillərini aşaraq İrana, Türkiyəyə işlədi, yaxın-uzaq elləri fəth etdi”.
Tənqidçi Vaqif Yusifli: “Mikayıl Azaflı da əksər klassik aşıqlarda olduğu kimi, acı tale ilə üzləşib. Onun sevgilisi əlindən alınmayıb, necə deyərlər, Məcnun kimi çöllərə düşməyib, amma ”xoşbəxt sovet quruluşunun” haqsızlığına məruz qalıb. Şöhrətinin ən parlaq bir çağında dörd il azadlıqdan məhrum edilib. Azaflıdan öncə də 1937-ci ildə Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi Mirzə Bilal həbs olunmuşdu, amma onun sürgündə şeir yazıb-yazmadığı məlum deyil. El şairi Məzahir Daşqının da həbsdə şeirlər yazdığı məlumdur. Azaflı isə “Zindan şeirləri” ilə gəmidə oturub gəmiçi ilə mübarizə aparan bir mücahidə çevrildi”.
Sözümü, hər beş kəlməsindən biri “qocalıq” olmuş bu uca sənətkarın öz misraları ilə bitirirəm:
Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam,
Elə dərd varmı ki, çəkməmiş olam,
Bax, onlar ağartdı başımı mənim...
Tahir Abbaslı