Azərbaycan Xalça Muzeyində martın 17-dən 19-dək “Macarıstanda toxuculuq” adlı sərgi keçirildi.
Tədbirin açılış mərasimində Xalça Muzeyinin direktoru Şirin Məlikova sərgi haqqında məlumat verdi. Bildirdi ki, “Macarıstanda toxuculuq” adlı qobelen sərgisi 16-17 mart tarixində ölkəmizdə keçirilən Macarıstan mədəniyyəti günləri çərçivəsində təşkil olunub. Layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə Macarıstanın ölkəmizdəki səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski mədəniyyət günlərinin reallaşmasına dəstək olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və Xalça Muzeyinə təşəkkürünü bildirdi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Novruz bayramı ərəfəsində ölkəmizdə Macarıstan mədəniyyəti günlərinin keçirilməsi əlamətdar hadisədir. Mehriban xanım Əliyevanın himayədarlığı ilə keçirilən tədbir eyni zamanda böyük siyasi məna daşıyır: “Çox sevindirici haldır ki, sərgi bizim ən nüfuzlu muzeylərimizdən biri olan Xalça Muzeyində təşkil edilib. Qobelen sənəti Azərbaycan xalçaçılıq sənətinə yaxın sənət növüdür. Ənənəvi sənətləri bölüşmək, təcrübədən səmərəli istifadə etmək yaradıcı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. İnanıram ki, bu sənətlə məşğul olan macar və Azərbaycan sənətkarları öz yaradıcılıqlarında bu üslublardan yararlanacaqlar”.
Ölkəmizlə Macarıstan arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev qeyd etdi ki, iki ölkə beynəlxalq tədbirlərdə vahid konsepsiyadan çıxış edir: “Növbəti illərdə də mədəniyyət və turizm sahələrində əlaqələrimiz davamlı olaraq inkişaf edəcək”.
Macarıstanın İnsan Resursları Nazirliyinin mədəniyyət işləri üzrə müşaviri Peter Hoppal bu unikal sənət vasitəsilə macar xalqının müstəqilliyini tərənnüm etdiklərini bildirdi: “Qobelen zəngin bir xəzinədir, biz onu digər xalqlara dost hədiyyəsi kimi təqdim edirik. Tədbir zamanı xalqlarımız arasında oxşar cəhətlərin şahidi olduq. Bizim üçün vətənimizdən uzaq olan, mədəniyyəti ilə seçilən Azərbaycanla əlaqələr çox xoşdur. Müasir Macarıstan və Azərbaycan arasında çoxlu bənzərliklər var. Biz digər xalqların mədəniyyətini anlamağı və ona hörmətlə yanaşmağı bacarırıq. Çalışacağıq ki, bundan sonra mədəni sahədə əməkdaşlığı daha da gücləndirək və dost ölkə Azərbaycanla mədəni mübadiləni davam etdirək”.
Sərginin kuratoru Hedi Sepeş qonaqların diqqətinə çatdırdı ki, sərgidə qobelen sənətinin keçmişini və gələcəyini əks etdirən, təsviri və tətbiqi incəsənət sahələri üzrə mükafatlara layiq görülmüş 18 macar sənətkarının işləri təqdim olunur. Edit Baloq, Ester Beny, Beata Hosler, İbolya Hed və başqalarının ənənəvi və müasir üslubda hazırladıqları qobelen nümunələri böyük maraqla qarşılandı.
L.Azəri